EN

Asbest və tərkibində asbest olan materialların istifadəsi qadağan edildi

Azərbaycanda mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı genişləndiriləcək.

Bu məsələ Milli Məclisin dekabrın 26-da keçiriləcək plenar iclasının gündəliyində yer alan "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, asbest və tərkibində asbest olan materiallar Mülki Məcəlləyə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına əlavə ediləcək.

Bildirilib ki, asbest uzun illər ərzində sənayenin bir çox sahələrində (sement, kimya, izolyasiya, kağız sənayesi və sair) və tikintidə geniş istifadə olunan mineral tərkibli materialdır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkəmizə 2023-cü ildə 591 ton asbest və 30 238 ton tərkibində asbest olan təbəqələr, 2024-cü ildə isə 1 045 ton asbest və 27 634 ton tərkibində asbest olan təbəqələr idxal edilib. Asbest tərkibli dam örtükləri (şifer) ölkədə ümumi dam örtüyü fondunun 29 faizini təşkil edir və təxminən 190 milyon m² sahəni əhatə edir. Ölkədə şifer istehlakı 2,6 milyon m² və ya 1,5 milyon list təşkil edir. Hazırda ölkənin dam örtüyü bazarının 15-20 faizi şiferin payına düşür.

Vurğulanıb ki, elmi araşdırmalar onun insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını sübut etdikdən sonra bir sıra ölkələrdə asbest və asbest tərkibli məhsulların istifadəsi qadağan edilib. Asbest liflərinin havaya qarışaraq nəfəs yollarına daxil olması müxtəlif xəstəliklərin, o cümlədən ağciyər xəstəliklərinin yaranma riskini artırır. Bu səbəbdən asbestin istifadəsinin məhdudlaşdırılması və tamamilə qadağan edilməsi ictimai sağlamlığın qorunması baxımından mühüm addım hesab olunur.

Ümumdünya Səhiyyə Təşkilatı asbest və tərkibində asbest olan məhsulları kanserogen məhsullar kimi təsnifatlandırıb. Ümumdünya Səhiyyə Təşkilatının təklifi ilə asbestlə bağlı xəstəliklərin qarşısının alınması məqsədilə milli səviyyədə müvafiq tədbirlərin həyata keçirilməsi üzv ölkələr tərəfindən öhdəlik kimi qəbul edilib.

Avropa İttifaqının müvafiq normalarında bu növ tikinti materialları qadağan edilib. Belə ki, asbestlə bağlı sağlamlıq risklərinin qarşısını almaq üçün Avropa İttifaqı asbest və asbest məhsullarının istifadəsinin qadağan olunması ilə bağlı 1999-cu və 2009-cu illərdə müvafiq direktivlər qəbul edib. 1999/77/EC nömrəli Direktivlə 1 yanvar 2005-ci il tarixindən etibarən Avropa İttifaqında asbest liflərinin istifadəsi və xrizotil asbestin yeni sahələrdə tətbiqi qadağan edilib.

BMT-nin "Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında" Bazel Konvensiyası ilə asbest təhlükəli maddə kimi təsnifatlandırılıb.

"Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üçün əvvəlcədən məlumatlandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası"nda (ölkəmiz bu konvensiyaya 30 sentyabr 2025-ci il tarixli qanunla qoşulub) asbest məhsulu təhlükəli kimyəvi maddə kimi təsnif edilib və onun beynəlxalq ticarəti müəyyən məhdudiyyətlərə tabedir. Sənədə əsasən, məhsul insan sağlamlığı üçün ciddi təhlükə yaradır, ticarəti müəyyən prosedurlarla tənzimlənir.

Beləliklə, beynəlxalq təcrübə nəzərə alınmaqla qanun layihəsinə əsasən, asbest və tərkibində asbest olan materiallar mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilir.

Qanunun 2027-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
 

Chosen
49
27
7news.az

10Sources