EN

“Ermənilərə qarşı hansı humanistlikdən danışırsınız?” - Tünzalədən sərt sözlər

Xalq artisti Tünzalə Ağayeva jurnalist Könül İbrahimin təqdimatında yayımlanan “Könüllü danış” layihəsinin qonağı olub.

“Cebheinfo.az” xəbər verir ki, pop ulduz ilin ən qalmaqallı hadisələrindən sayılan “Uşaq Avroviziyası” və ermənilərə səs verilməsi məsələsinə toxunub.

Ermənilərə qarşı humanistlik göstərənləri qınayan sənətçi bu mövzuda danışarkən göz yaşlarına boğulub:

“Heç kimdən heç nə gözləməyin. Heyif belə bir qonşumuz var. Adına qonşu deməzdim. Heç bundan sonra da deyə bilmərəm. Təbii ki, Azərbaycan öz gücü, öz əsgəri, başda böyük lideri olmaqla, şanlı Ordusu və güclü siyasəti ilə dünyaya sözünü dedi. 

Bu, bir möhürdür. Mənim üçün üç böyük dəyər var. Başda liderimiz, onun yürütdüyü siyasət və onun başında olduğu şannlı ordusu. Azərbaycan sözünü deyib. Biz sözümüzü demişik”.

Sənətçi sözlərinin qıcıq yaratmasını istəmədiyini bildirib:

“Başqa ifadələr də işlədə bilərdim, işlətməyəcəm. Biz sözünü demiş, zəfər qazanmış bir xalqıq. Bizə sıfır verdilər, biz də gecə yuxusuz qaldıq.

Çox ucuz söhbətlərdir. Gənclərimizə buradan müraciət etmək istəyirəm ki, çox gözütox olun. Çünki bu ruhu sizə əsgər verib, bu ruhu sizə şəhid verib.

Onlar işğal etdikləri torpaqda belə həyat yarada bilmədilər. Budur onların xisləti, budur onların zəifliyi. Zəifdən nə dostluq gözləyirsən? Onlar həyatda bizimlə dost ola bilməzlər. Bu kəliməni unudun.

Yenə deyirəm, siyasi baxımdan liderimiz, cənab Prezident bütün dünya azərbaycanlılarının və türk dünyasının adından sözünü deyib. Nəyi “kəşf” etmək istəyirik? Amerika çoxdan kəşf olunub, Azərbaycan da çoxdan sözünü deyib. Azərbaycan əsgəri sözünü deyib”.

Xalq artisti əlavə edib ki, humanizm anlayışı ilə bağlı aparılan müzakirələr onu qıcıqlandırır:

“Biz hansı mərhəmətdən, hansı humanizmdən danışırıq? Mənim üçün humanizm işimi yaxşı görməkdir. Kimdənsə nəsə gözləmək deyil. Mərhəməti və humanizmi Azərbaycan əsgəri cəbhədə edib. Azərbaycan əsgərinin silahı erməni qadınına qarşı olmayıb. Şəhidimizin ruhu şad olsun, mərhəməti o edib.

Get, öz həyatını yaşa. Güclü insan ol, azərbaycanlı ol. Heç olmasa, onun verdiyi qanın haqqını ver. Çox qıcıq oluram biz bu saat hansı humanizdən danışırıq? Analar oğullarını bu gün bizim belə rahat oturmağımız, beynəlxalq səviyyəyə çıxmağımız üçün itiriblər. Şəhid öz canını bu amal üçün verib. Onun ali missiyasına sayğı olaraq kəlimələrimizə və davranışlarımıza fikir etməliyik.

Mənə görə mən başımı salıb işimi görməliyəm. Beynəlxalq arenaya çıxıramsa, orada millətlər var. Mən bütün millətlərə hörmət edirəm. Mənə hörmət edənə, mənim millətimə hörmət edənə mən də hörmət edirəm”.

Chosen
45
cebheinfo.az

1Sources