EN

Yeni il gəlir, bayram sevinci gedib ... Şaxta Baba böyüklər üçün əhəmiyyətini itirib, uşaqlar üçün yaşayır

ain.az, Bizimyol saytına istinadən bildirir.

Qış Bakıya hər il eyni sualla gəlir. Bu şəhərdə Yeni ilin ruhu haradadır? Küçələrdə soyuq hava hiss olunur, amma bir detal var ki, uşaqlar onu tapmır. Bu da Şaxta Babadır. Bu il də Bakıda qəribə bir mənzərə yaranıb. Şaxta Baba görünmür. Uşaqlar valideynlərinin əlindən tutub vitrinlərə baxır, meydanlarda dolaşır, gözləri şəhərdə Şaxta Baba axtarır, amma qarşılarına çıxan yalnız işıqlar, reklamlar və tələsən adamlar olur.

Əslində Şaxta Baba təkcə qırmızı paltarlı bir obraz deyil. O, uşaqlıq xatirəsi, bayram sevinci, möcüzəyə inamdır. Bir vaxtlar Bakının mərkəzində, parklarında, böyük mağazaların qarşısında Şaxta Babalar olurdu. Uşaqlarla şəkil çəkdirir, şeir deyən balacalara kiçik hədiyyələr verirdi. Bu gün isə şəhər sanki bu obrazdan imtina edib. Yeni il daha çox kommersiya tədbirinə çevrilib, uşaqlar üçün emosional mühit isə arxa plana keçib.

Valideynlər deyir ki, övladları hər gün eyni sualı verirlər: “Ana, Şaxta Baba niyə yoxdur?” Bu sualın cavabı isə sadə deyil. Bəlkə də böyüklər üçün Şaxta Baba artıq əhəmiyyətini itirib, amma uşaqlar üçün o hələ də mövcuddur. Onlar üçün Yeni il Şaxta Babasız təsəvvür edilmir. Hər tərəf rəngli işıqlarla bəzədilir, şam ağacları qurulur, amma bu nağılın əsas qəhrəmanı sanki qeybə çəkilib.

Şaxta Baba uşaqlar üçün şəhərin soyuğunu isidən simvoldur. Onun yoxluğu isə qışın daha da soyuq hiss olunmasına səbəb olur. Məsələ təkcə bayram dekorasiyasında deyil. Bu, şəhərin uşaqlara nə qədər yer ayırması ilə bağlıdır. Parklarda, meydanlarda, ictimai məkanlarda uşaqlar üçün pulsuz, sadə, səmimi bayram atmosferi yaratmaq mümkündür. Bunun üçün böyük büdcələrə ehtiyac yoxdur. Sadəcə istək və anlayış lazımdır ki, yeni il uşaqlar üçündür, vitrinlər üçün yox.

Qarla bərabər Şaxta Babamızın da qeybə çəkilməsi acı bir simvoldur. Bu, təkcə bir obrazın yoxluğu deyil, uşaqlığın şəhərdə getdikcə daha az görünməsidir. Əgər bir şəhərdə uşaqlar Şaxta Baba tapa bilmirsə, deməli, həmin şəhər bir az da uşaqlıqdan uzaqlaşıb. Yeni ilin ruhu isə məhz orada uşaqların gözlərində başlayır.

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
bizimyol.info

1Sources