EN

Türk İnvestisiya Fondu Zəngəzur dəhlizində işə başlayır...


TİF-in TRIPP-ə mümkün investisiyası iqtisadi rasionalizm, yoxsa geosiyasi risqdir?

Türk Dövlətləri Təşkilatının Orta Dəhlizə yönəlik investisiya gündəmini genişləndirməsi və Türk İnvestisiya Fondunun TRIPP layihəsini potensial maliyyələşmə obyektlərindən biri kimi nəzərdən keçirməsi regionda nəqliyyat-logistika proseslərinin artıq yeni mərhələyə keçdiyini göstərir.

Bu yanaşma ilk baxışda sırf iqtisadi qərar təsiri bağışlasa da, əslində həm TDT-nin uzunmüddətli inteqrasiya strategiyasını, həm də Cənubi Qafqazda formalaşan yeni geoiqtisadi reallıqları əks etdirir.

TRIPP layihəsi ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh prosesinin bir elementi kimi gündəmə gəlib və mahiyyət etibarilə Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcək multimodal nəqliyyat-tranzit xəttinin yaradılmasını nəzərdə tutur. Bu marşrut Orta Dəhlizin cənub qolu kimi çıxış edərək Qafqazı Türkiyə üzərindən Avropa bazarlarına daha sıx bağlamağı hədəfləyir. Layihənin təkcə yol və dəmir yolu ilə məhdudlaşmaması, eyni zamanda enerji və telekommunikasiya infrastrukturlarını da əhatə etməsi onu klassik tranzit xəttindən daha geniş regional inkişaf layihəsinə çevirir.

Türk İnvestisiya Fondunun bu layihəyə maraq göstərməsi, ilk növbədə, TDT-nin iqtisadi inteqrasiyanı siyasi şüarlardan daha çox real infrastruktur üzərindən qurmaq niyyətindən xəbər verir. Fondun mandatı birbaşa ideoloji birlik yox, üzv ölkələr arasında ticarət, logistika və investisiya axınlarını gücləndirən layihələrə kapital yönəltməkdir. Bu baxımdan TRIPP Orta Dəhlizin funksionallığını artıran, mövcud marşrutları tamamlayan və tranzit xərclərini azaldan bir mexanizm kimi qiymətləndirilir. TİF üçün əsas meyar layihənin gəlirliliyi, regional ticarətə töhfəsi və uzunmüddətli dayanıqlığıdır.

Bununla yanaşı, TRIPP-in geosiyasi kontekstdən tam kənar olduğunu demək də çətindir. Xüsusilə İran bu cür layihələrə həssas yanaşır. Tehran üçün əsas narahatlıq ondan ibarətdir ki, Azərbaycan-Naxçıvan-Türkiyə xəttinin güclənməsi İranın regional tranzit rolunu zəiflədə, eyni zamanda, onun şimal sərhədləri yaxınlığında yeni nəqliyyat arxitekturası formalaşdıra bilər. Bu səbəbdən TRIPP-in “türk dünyasının birliyinə hesablanmış layihə” kimi təqdim edilməsi İranda siyasi qıcıq yarada bilər. Lakin layihənin rəsmi diskursda sülh, iqtisadi inkişaf və beynəlxalq tranzit məqsədləri ilə izah olunması bu risqləri müəyyən qədər yumşaltmağa hesablanıb.

Məhz bu nöqtədə TİF-in mümkün iştirakı xüsusi əhəmiyyət kəsb edir. Türk İnvestisiya Fondunun TRIPP-ə daxil olması layihəni sırf ABŞ təşəbbüsü və ya siyasi dəhliz kimi deyil, çoxtərəfli, iqtisadi əsaslı regional infrastruktur layihəsi kimi təqdim etməyə imkan verir. Üstəlik, maliyyələşmənin yalnız dövlətlərarası deyil, özəl investisiyalar və kommersiya mexanizmləri üzərindən qurulması layihənin ideoloji yüklənməsini azaldır və onu bazar məntiqinə daha da yaxınlaşdırır. Bu isə həm İran, həm də Rusiya kimi aktorlar üçün layihəni açıq siyasi təhdiddən çox, qaçınılmaz iqtisadi reallıq kimi göstərməyə xidmət edir.

Nəticə etibarilə, TİF-in TRIPP layihəsinə investisiya imkanlarını araşdırması türk dünyasının yalnız vahid siyasi blok kimi deyil, həm də inteqrasiya olunmuş iqtisadi məkan kimi formalaşmaq istədiyini göstərir. Bu addım Orta Dəhlizin institusional möhkəmlənməsi, tranzit marşrutlarının şaxələndirilməsi və regionun qlobal ticarət zəncirlərində rolunun artması baxımından məntiqli görünür. Eyni zamanda, layihənin ətrafında formalaşan geosiyasi həssaslıqlar TDT və TİF üçün balanslı siyasətin vacibliyini gündəmdə saxlayır: TRIPP nə qədər iqtisadi layihə kimi təqdim olunarsa, bir o qədər regional qıcıq yaratma ehtimalı azalacaq.

Akif NƏSİRLİ

Chosen
69
baki-xeber.com

1Sources