Qubanın Tüləkəran İnzibati Ərazi Dairəsi bir neçə kəndi birləşdirir. Bu dairəyə daxil olan kəndlərin hər birində müasir təhsil ocaqları var. Son illər kəndlərin yolları da təmir edilib. Bu gün çox rahatlıqla istədiyin əraziyə yol almaq mümkündür.
Amma bizi maddiyyatdan daha çox mənəvi tərəf düşündürür. Kəndlərimizdə imkanı yaxşı olanlarla yanaşı, imkansız ailələr də var. Quba Rayon İcra Hakimiyyəti və "Biganə qalma" sosial təşəbbüs qrupunun birgə təşkilatçılığı ilə rayonun Tüləkəran İnzibati Ərazi Dairəsi üzrə kəndlərində "Bir isti addım" aksiyası həyata keçirilib. Təşkilatçıların kəndlərdə apardıqları iş nəticəsində imkansız ailələr müəyyənləşdirilərək belə ailələrdən olan 1-4-cü sinif şagirdlərinə, ümumilikdə 200 uşağa maddi yardım göstərilib. Aksiya zamanı uşaqlara qış mövsümü üçün ayaqqabılar, geyim ləvazimatı və müxtəlif hədiyyələr təqdim edilib. Tədbirin sonunda uşaqlar arasında bilik yarışması, əyləncəli proqram və oyunlar təşkil olunub.
Bütün dövrlərdə təhsilə göstərilən qayğı öz nəticəsini sonrakı zamanlarda göstərir. Odur ki, illər keçəcək, bu gün qayğı ilə əhatə edilən uşaqlar sabahın mühəndisi, müəllimi, dəyərli vətəndaşı olacaqlar. Onların hər biri sabah bu gün göstərilən qayğıkeşliyi, yardımı əməlləri ilə doğruldacaqlar.
Əlimirzə MEHTİYEV,
Zakir NOVRUZOV,
Quba rayonunun Möhüc kənd sakinləri