EN

Təhsil müəssisələrində şahmat məşğələləri təşkil olunur

Ölkə üzrə fəaliyyət göstərən 355 ümumi təhsil müəssisəsində şagirdlər üçün şahmat məşğələləri təşkil olunur. 

Bu məşğələlər 2-ci, 3-cü və 4-cü siniflər üzrə ümumilikdə 74 590 şagirdi əhatə edir.

"Cebheinfo.az" xəbər verir ki, bununla yanaşı, ölkə üzrə 145 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində olan “Təhsil” Respublika İdman Mərkəzinin 7 məktəbində şahmat bölməsi üzrə 487 tədris qrupu mövcuddur. Həmin qruplarda 5 563 nəfər şahmatçı ilə 221 nəfər məşqçi-müəllim məşğul olur.

Qeyd edək ki, şahmat  məntiqi və analitik təfəkkürü inkişaf etdirir, səbəb–nəticə əlaqələrinin dərk edilməsini gücləndirir. Oyun  zamanı alternativlərin müqayisəsi və düzgün qərarın seçilməsi bacarığı formalaşır. 

Şahmat həm də qısamüddətli və uzunmüddətli məqsədlər müəyyənləşdirməyi, mərhələli şəkildə düşünməyi  öyrədir. Eyni zamanda şahmat məşğələləri uşaqlarda səbir, emosional özünüidarəetmə və məğlubiyyəti  qəbul etmə mədəniyyətini formalaşdırır. Qaydalara əməl etmə, rəqibə hörmət və sağlam rəqabət  sosial bacarıqların inkişafına xidmət edir.

Chosen
43
cebheinfo.az

1Sources