EN

Soyuq hava dalğası: Nantda bir həftə ərzində iki evsiz donaraq həyatını itirib

Paris, 27 dekabr, AZƏRTAC

Fransanın Nant şəhərində soyuq hava şəraiti faciəvi nəticələrə səbəb olub. Polis mənbələrinə istinadən verilən məlumata görə, bir həftə ərzində iki evsiz şəxs küçədə ölü tapılıb.

AZƏRTAC xəbər verir ki, son hadisə dekabrın 25-dən 26-na keçən gecə qeydə alınıb. Təxminən 30 yaşlı evsiz kişi gecə saat 01:00 radələrində Nant Universitet Xəstəxanasının yaxınlığında ölü halda aşkar edilib. İlkin məlumatlara görə, ölümün səbəbi soyuqdan donma olub. Bu məlumatı “ICI Loire Océan” radiosu polis mənbələrinə istinadla yayıb və “Ouest-France” qəzetinin xəbərini təsdiqləyib.

Bundan dörd gün əvvəl, 40 yaşlarında başqa bir evsiz şəxs şəhərin şimalında, Qabriyel Loryol bulvarı ərazisində yanğınsöndürənlər tərəfindən ölü tapılıb. Hər iki cəsəd küçədə aşkarlanıb.

Hadisələrlə bağlı Luara-Atlantik prefekturası və Nant prokurorluğu hələlik mediaya rəsmi açıqlama verməyib. Baş verənlər ölkə üzrə davam edən soyuq hava dalğası fonunda, evsiz insanların təhlükəsizliyinin təmin olunması məsələsini bir daha gündəmə gətirib.

Xatırladaq ki, Fransanın bir sıra bölgələrində artıq “grand froid” (şiddətli soyuq) planı aktivləşdirilib və həssas qrupların qorunması üçün əlavə tədbirlər görülür. Nantda baş verən bu iki ölüm hadisəsi isə qış aylarında evsizlərin üzləşdiyi risklərin ciddiliyini bir daha göstərir.

Chosen
61
3
azertag.az

4Sources