EN

Prezidentin dəmir iradəsi: Heç kim qanundan üstün deyil!

Azərbaycanın müasir dövlətçilik tarixində korrupsiyaya, nepotizmə qarşı mübarizə və qanunun aliliyinin təmin edilməsi sadəcə hüquqi proses deyil, həm də köklü bir sosial transformasiya mərhələsinə qədəm qoyub.

Bu gün ölkədə həyata keçirilən islahatların mərkəzində "Heç kəs toxunulmaz deyil" prinsipi dayanır. Həmin prinsip dövlət idarəçiliyində bəzi hallarda formalaşmış bir sıra mənfi stereotipləri — imtiyazlı şəxslər qrupu, toxunulmaz qohumlar və vəzifə statusundan doğan hüquqi immunitet xülyasını darmadağın edir.

Son dövrlərdə Dövlət Gömrük Komitəsində (DGK) həyata keçirilən irimiqyaslı əməliyyatlar dövlətin bu sahədəki qətiyyətini bir daha nümayiş etdirdi. Belə ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatlar nəticəsində külli miqdarda siqaret qaçaqmalçılığı və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ifşa olunub.

​Bu əməliyyatların ən diqqətçəkən məqamı həbs olunan şəxslərin statusu və onların yüksək vəzifəli şəxslərlə olan qohumluq əlaqələridir. Əməliyyatda Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi Fərid Usubov, iş adamı Ruslan Eyyubov və Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov kimi şəxslərin həbsi cəmiyyətə verilən aydın bir mesajdır: Qanun qarşısında hər kəs bərabərdir. Yüksək rütbəli generalların və ya nüfuzlu dövlət xadimlərinin yaxın qohumu olmaq heç kimə qanunsuzluq etmək və ya məsuliyyətdən qaçmaq imtiyazı vermir.

​Azərbaycan cəmiyyətində bəzi şəxslərin özlərini qanundan üstün tutması, "mən filankəsəm" və ya "filan şəxsin qohumuyam" deyərək özünə toxunulmazlıq statusu qazanmaq istəyi dövlətin sərt reaksiyası ilə qarşılaşır. Müasir dövlət modelində artıq "nüfuzlu qohum" faktoru hüquqi qalxan rolunu oynamır. Əksinə, yüksək vəzifəli şəxslərin qohumlarının törətdiyi qanunsuzluqlar daha böyük ictimai məsuliyyət doğurur və qanun çərçivəsində ən sərt şəkildə cəzalandırılır.

​Dövlət başçısı İlham Əliyev bu mövzuya dəfələrlə toxunmuş, məmur aparatına dəfələrlə xəbərdarlıqlar etmişdir. 2020-ci il martın 5-də dövlət başçısının İsmayıllı və Neftçala rayonlarına təyin etdiyi yeni icra başçıları ilə qəbulda dediyi sözlər bu gün də aktualdır.

“Heç bir şəxs qanundan üstün ola bilməz. Əgər kimsə özünü cəmiyyətdən yuxarıda görürsə, öz təkəbbürü və qanunsuz hərəkətləri ilə dövlətin siyasətinə ləkə vurursa, o, mütləq qanun qarşısında cavab verəcəkdir.

Xalqının və dövlətinin mənafeyini fəaliyyətinin prioriteti sayan dövlət başçısı 2025-ci il noyabrın 12-də Naxçıvanda prezidentin səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən bu mövzuda bir daha mühüm mesaj verib.

“Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. İlk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq onun əsas iş prinsipi olmalıdır."

​Prezident İlham Əliyev daha bir çıxışında himayədarlıq hallarına toxunmuşdu.

 "Əgər kimsə hansısa tanışlara, qohumlara, yaxud da vəzifədə olan dostlara arxalanırsa, səhv yoldadır. Özü də cəzalandırılacaq, ona himayədarlıq edən də cəzalandırılacaq. Heç kimə güzəşt yoxdur."

​Bu sitatlar göstərir ki, dövlət səviyyəsində təkəbbürlülük, vətəndaşa yuxarıdan aşağı baxmaq və imtiyazlılıq mənəvi baxımdan qəbulolunmaz, hüquqi baxımdan isə təhlükəli bir yoldur.

Gömrükdə keçirilən son əməliyyatlar və yüksək rütbəli şəxslərin yaxınlarının həbsi Azərbaycanın hüquqi inkişafında yeni bir mərhələdir. Bu, "imunnutet sahibi" olduqlarını düşünən, qanunu öz maraqlarına uyğunlaşdırmağa çalışan hər kəs üçün bir dərsdir. Ölkədə qanun hər şeydən üstündür və hər bir şəxs öz əməlinə görə qanun qarşısında fərdi məsuliyyət daşıyır.

​Cəmiyyətin dövlətə olan inamı məhz belə ədalətli və qətiyyətli addımlarla möhkəmlənir. "Heç kəs toxunulmaz deyil" prinsipi Azərbaycanın gələcək inkişafının, sosial ədalətin və dövlət-vətəndaş münasibətlərinin sarsılmaz təməlidir.

Chosen
27
1
modern.az

2Sources