EN

Yağış yağır, külək əsir, şaxta müşahidə olunur – FHN əhaliyə müraciət etdi

Saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Şahdağ və Goranboyda 19, Naftalanda 18, Bakıda və Abşeron yarımadasında 17, Mingəçevir və Yardımlıda 16 m/s-dək güclənir.

Qan qarın hündürlüyü Gədəbəydə 21, Əlibəydə (Zaqatala) 14, Daşkəsəndə 11, Kəlbəcərdə 8, Qrızda 7, Şahdağda 6, Göygöl, Sarıbaş (Qax) və Şərurda 5, Xaltan və Xınalıqda 4, Qusar və Qubada 3, Şabranda 2, Sədərək, Xaçmaz, Şahbuz, Şəki (Kişçay), Laçın və Qubadlıda 1 sm -dir.

Yağıntının miqdarı Balakən və Zaqatalada 2, Bərdə, Tovuz, Şəmkir, Cocuqmərcanlı (Cəbrayıl) və Naxçıvanda 1 mm-dir.

Balakən, Şərur, Daşkəsən, Göygöl, Şəmkir, Sarıbaş (Qax), Quba, Qusar, Qrız, Göyçay, Kürdəmir, Cəfərxan, Hacıqabul, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6 dərəcəyədək isti, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 1, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.

Hazırda müşahidə edilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi də əhaliyə müraciət edib.

Müraciətdə deyilir: “Hazırda ölkə ərazisində, xüsusilə dağlıq rayonlarda soyuq və şaxtalı hava şəraiti müşahidə olunur.

Qeyd olunan hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək bir sıra təhlükəsizlik qaydalarını bir daha xatırladır.

Belə ki, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən vətəndaşlara şaxtalı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı tövsiyə edirik. Hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğu və kifayət qədər yanacaq ehtiyatı təmin edilməlidir. Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur.

Eyni zamanda, soyuq hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”

Chosen
48
30
7times.az

10Sources