EN

Britaniyalı həkimlərdən çağırış: enerji içkiləri ürək və insult riskini artırır

Britaniyada həkimlər enerji içkilərinə daha sərt məhdudiyyətlər qoyulmasını tələb edirlər. Səbəb isə bu içkilərin ürək-damar sistemi üçün ciddi risklər yarada bilməsidir.

E-saglam.az xəbər verir ki, BMJ Case Reports jurnalında dərc olunan məlumata görə, əvvəllər sağlam həyat tərzi sürən, siqaret və alkoqol qəbul etməyən 50 yaşlarında bir kişi gündə səkkiz qutu enerji içkisi içdikdən sonra infarkt keçirib. Xəstə qəfil uyuşma, tarazlıq və danışma problemləri ilə xəstəxanaya müraciət edib. Müayinələr zamanı beynin talamus nahiyəsində anevrizma və olduqca yüksək qan təzyiqi aşkarlanıb.

Həkimlər müəyyən ediblər ki, xəstə gündəlik təxminən 1280 milliqram kofein qəbul edib. Bu isə tövsiyə olunan maksimum 400 milliqramdan üç dəfədən çoxdur. Enerji içkiləri dayandırıldıqdan sonra xəstənin qan təzyiqi normallaşıb və dərmanlara ehtiyac qalmayıb. Lakin bədənin sol tərəfində yaranan keylik tam bərpa olunmayıb.

Nottingem Universiteti Xəstəxanalarından həkimlər bildirirlər ki, enerji içkilərinin həm qısa, həm də uzunmüddətli istifadəsi ürək-damar xəstəlikləri və insult riskini artıra bilər. Onların fikrincə, xüsusilə gənclər arasında bu risklər barədə məlumatlılıq artırılmalıdır.

Mütəxəssislər qeyd edirlər ki, bu hadisə tək nümunədir və qəti nəticə üçün daha geniş tədqiqatlara ehtiyac var. Buna baxmayaraq, həkimlər izah olunmayan yüksək qan təzyiqi hallarında mütləq enerji içkisi istehlakının soruşulmasını tövsiyə edirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
16
e-saglam.az

1Sources