EN

Dövlət siyasətinin strateji prioriteti və milli gücün təzahürü

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Müasir dövrdə idman yalnız fiziki fəaliyyət və yarış nəticələri ilə məhdudlaşmır. İdman həm də dövlətin beynəlxalq imicinin formalaşdırılması, gənclərin sağlam və vətənpərvər ruhda yetişdirilməsi, sosial həmrəyliyin möhkəmləndirilməsi və davamlı inkişafın təmin olunması baxımından mühüm strateji vasitələrdən biridir. Prezident cənab İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı Azərbaycanın idman siyasətinin mahiyyətini, əldə olunan nailiyyətlərin səbəblərini və gələcək hədəflərini kompleks şəkildə əks etdirən mühüm proqram xarakterli çıxış kimi qiymətləndirilməlidir.

Dövlət başçısının qeyd etdiyi kimi, 2025-ci ildə Azərbaycan idmançıları beynəlxalq yarışlarda rekord nəticələr əldə edib, 2000-dən artıq medal, o cümlədən 600-dən çox qızıl medal qazanıblar. Bu göstəricilər təkcə statistik uğur deyil, uzunmüddətli, ardıcıl və məqsədyönlü dövlət siyasətinin real nəticəsidir. Keçən illərlə müqayisədə medal sayının artması idmana göstərilən diqqətin, maddi-texniki bazanın gücləndirilməsinin və peşəkar kadr hazırlığının effektivliyini açıq şəkildə nümayiş etdirir. Bu uğurlar Azərbaycanın idman ölkəsi kimi mövqeyini daha da möhkəmləndirir və beynəlxalq arenada nüfuzunu yüksəldir.

Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illər ərzində bu sahədə çoxsaylı dövlət proqramları icra edilib, idman infrastrukturu demək olar ki, sıfırdan qurulub. Həm paytaxtda, həm də regionlarda müasir Olimpiya idman kompleksləri, idman zalları və məşq mərkəzləri yaradılıb. Dövlətimizin başçısının da vurğuladığı kimi, 2025-ci ildə Gəncə və Yevlax şəhərlərində Olimpiya idman komplekslərinin istifadəyə verilməsi ilə bölgələrdə bu cür komplekslərin sayı 46-ya çatıb. Bu fakt regionların sosial-iqtisadi inkişafı ilə yanaşı, gənclərin idmana cəlb olunmasına, sağlam həyat tərzinin təşviqinə və kütləvi idmanın genişlənməsinə xidmət edir.

Sağlam gənc nəslin formalaşdırılması dövlətimizin siyasətində xüsusi yer tutur. Prezident cənab İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, sağlam gənclik olmadan nə idman uğurları, nə də ölkənin davamlı inkişafı mümkündür. Fiziki sağlamlıqla yanaşı, mənəvi saflıq, yüksək vətənpərvərlik ruhu və milli dəyərlərə bağlılıq gənc nəslin əsas keyfiyyətləri olmalıdır. Bu baxımdan idman yalnız yarış və nəticə deyil, eyni zamanda tərbiyəvi və ideoloji funksiyanı da yerinə yetirir. Uşaqlıqdan idmana göstərilən maraq gənclərin zərərli vərdişlərdən uzaq qalmasına, intizamlı və məqsədyönlü şəxsiyyət kimi formalaşmasına şərait yaradır.

Prezident cənab İlham Əliyevin çıxışında gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması məsələsi xüsusi vurğulanıb. Dövlət başçısının fikrincə, fiziki hazırlıqla mənəvi saflıq vəhdət təşkil etməlidir. Məhz bu vəhdət ölkənin gücünü və dayanıqlı inkişafını təmin edən əsas amillərdəndir. Son illərin tarixi hadisələri, xüsusilə Azərbaycanın qazandığı şanlı Qələbə gənclərin məsuliyyət hissini artırıb, onları müzəffər xalqın layiqli nümayəndələri kimi formalaşdırıb. Beynəlxalq yarışlarda Dövlət bayrağının qaldırılması hər bir idmançı üçün təkcə şəxsi uğur deyil, həm də milli qürur məsələsidir.

Azərbaycanda beynəlxalq idman yarışlarının keçirilməsi ölkənin idman potensialının və təşkilati imkanlarının göstəricisidir. 2025-ci ilin ən mühüm idman hadisələrindən biri MDB ölkələrinin üçüncü Oyunlarının yüksək səviyyədə təşkili olub. Bu oyunların bölgələrdə - Gəncə, Xankəndi və digər şəhərlərdə keçirilməsi Azərbaycanın regional inkişaf strategiyasının idman sahəsində də uğurla həyata keçirildiyini göstərir. Minlərlə xarici qonağın iştirakı ilə keçirilən bu yarışlar ölkəmizin qonaqpərvərliyini, müasir infrastrukturunu və təhlükəsiz mühitini nümayiş etdirib. Azərbaycan komandasının bu oyunlarda komanda hesabında ikinci yeri tutması isə idmançıların yüksək hazırlıq səviyyəsinin nəticəsidir.

İlk dəfə olaraq ölkəmizdə UFC üzrə beynəlxalq turnirin keçirilməsi Azərbaycanın dünya idman xəritəsində mövqeyini daha da gücləndirib. Adətən bu səviyyəli yarışlar dünyanın ən inkişaf etmiş ölkələrində təşkil olunur. Bakının bu siyahıya daxil edilməsi ölkəmizin potensialını, müasir şəhər mühitini və beynəlxalq etimadı əks etdirir. Minlərlə iştirakçının və dünya mediasının diqqətində olan bu turnir Azərbaycanın beynəlxalq təqdimatında mühüm rol oynayıb. Formula 1 yarışlarının Azərbaycanda keçirilməsi idmanla turizmin vəhdətinin bariz nümunəsidir. Dövlət başçısının vurğuladığı kimi, ilk Formula 1 yarışından sonra ölkəyə gələn xarici turistlərin sayı 20 faiz artıb. Bu yarışlar vasitəsilə Bakı şəhəri və ümumilikdə Azərbaycan yarım milyarddan artıq auditoriyaya təqdim olunur. Bütün biletlərin əvvəlcədən satılması, yarışlara olan yüksək maraq bu tədbirlərin ölkənin imicinə verdiyi töhfəni bir daha təsdiqləyir.

Qış idman növlərinin inkişafı da dövlət siyasətinin mühüm istiqamətlərindəndir. İlk dəfə olaraq Qusarda, Şahdağ Xizək Turizm Mərkəzində Xizək üzrə Dünya Kubokunun keçirilməsi Azərbaycanın qış idmanları sahəsində yeni mərhələyə qədəm qoyduğunu göstərir. Şahdağ Xizək Mərkəzinin davamlı inkişafı, yeni trasların istifadəyə verilməsi və turizm infrastrukturunun genişlənməsi regionda minlərlə yeni iş yerinin yaradılmasına şərait yaradıb. Bu proses yalnız idman deyil, eyni zamanda sosial-iqtisadi inkişaf baxımından da böyük əhəmiyyət kəsb edir.

Prezident cənab İlham Əliyevin çıxışında qeyd olunan mühüm hadisələrdən biri də Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsidir. Bu status Azərbaycanda idman sahəsində görülən işlərə verilən yüksək beynəlxalq qiymətin təzahürüdür. Dövlət başçısı bu adı ləyaqətlə daşımağın vacibliyini vurğulayaraq, idmançıların və idman mütəxəssislərinin əməyinin dövlət tərəfindən daim qiymətləndirilməsinin əhəmiyyətini xüsusi qeyd edib. Artıq 30 ilə yaxındır ki, idman sahəsində nailiyyətlərin mükafatlandırılması ənənəvi xarakter alıb və bu, idmançıları yeni uğurlara ruhlandıran mühüm stimula çevrilib.

İdman Azərbaycanda təkcə fiziki fəaliyyət sahəsi deyil, milli gücün, dövlət siyasətinin və ictimai inkişafın ayrılmaz tərkib hissəsidir. İdmanın inkişafı sağlam gəncliyin formalaşdırılmasına, vətənpərvər cəmiyyətin qurulmasına, beynəlxalq nüfuzun möhkəmləndirilməsinə və ölkənin davamlı inkişafına xidmət edir. Mövcud siyasətin ardıcıl şəkildə davam etdirilməsi Azərbaycanın gələcək illərdə də idman sahəsində yeni uğurlara imza atacağını deməyə əsas verir.

Tərminə ƏSƏDOVA

“Vətən” idman liseyi publik hüquqi şəxsin direktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
31
50
525.az

10Sources