Şimali Koreya uzaqmənzilli strateji qanadlı raketlərin uğurlu sınaqlarını həyata keçirdiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, məlumatı ölkənin Mərkəzi Teleqraf Agentliyi (KCNA) yayıb. Bildirilib ki, raket buraxılışları bazar günü – 28 dekabr tarixində dəniz akvatoriyasında baş tutub.
KCNA-nın məlumatına görə, Şimali Koreya lideri Kim Çen In sınaqların nəticələrindən “böyük məmnunluq” ifadə edib. O, vurğulayıb ki, bu cür raket buraxılışları “müxtəlif təhlükəsizlik təhdidləri şəraitində özünümüdafiə hüququnun məsuliyyətli şəkildə həyata keçirilməsi və çəkindirici gücün nümayişidir”.
Qeyd olunur ki, sınaqlar KXDR-in ilk atom sualtı qayığını nümayiş etdirməsindən cəmi bir neçə gün sonra keçirilib.
Amerikanın ABC News telekanalının məlumatına görə, Cənubi Koreyanın silahlı qüvvələri də bazar günü səhər saatlarında bir neçə qanadlı raketin buraxıldığını təsdiqləyib.
Analitiklərin fikrincə, mümkün silahlı münaqişə zamanı Şimali Koreya bu tip silahlardan ABŞ-ın hərbi gəmiləri və aviadaşıyıcılarını hədəfə almaq üçün istifadə edə bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az