EN

Fərid Ələkbərov: Neon teatrının yaranması cəmiyyətimiz üçün böyük mədəni hadisədir

Bakı, 29 dekabr, Günel Alıyeva, Orxan Kərimov, AZƏRTAC

Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Neon teatrının quruluşunda “Qar kraliçası” tamaşası böyük uğurla bir neçə dəfə nümayiş etdirilib. Qeyd edək ki, tamaşa şəhid ailələrinin və Vətən müharibəsi iştirakçılarının övladları, həmçinin xüsusi inkişaf xüsusiyyətləri olan uşaqlar üçün xeyriyyə məqsədilə də təqdim olunub.

AZƏRTAC-ın müxbiri ilə söhbətində Neon teatrının rəssamı və onun yaradıcılarından biri olan Fərid Ələkbərov bu teatrın yaranmasının cəmiyyətimiz üçün böyük mədəni hadisə olduğunu bildirib: “Bu, paytaxtın mədəni həyatını daha da rəngarəng edir və ümid edirəm ki, zamanla regionları da əhatə edəcək. Ən vacibi isə odur ki, bu cür layihələr uşaqlara daha çox sevinc, yeni təəssüratlar və incəsənətlə ünsiyyət üçün əlavə imkanlar yaradır”.

Həmsöhbətimizin sözlərinə görə, neon işıqlandırma insanın psixoemosional vəziyyətinə müsbət təsir göstərir.

“Onun aydın relaksasiya effekti var. Tamaşalara gələn insanlar özlərini daha xoşbəxt hiss etdiklərini deyirlər, belə ki, sakitlik, harmoniya və daxili yüngüllük yaranır. Məhz buna görə əminəm ki, teatr formatında bu yanaşma uşaqlara da daha çox sevinc yaşamağa, özlərini təhlükəsiz hiss etməyə və sehrli neon dünyasına daxil olmağa kömək edəcək”, - deyə rəssam vurğulayıb.

Bu cür tədbirlərin əhəmiyyətindən danışan Fərid Ələkbərov qeyd edib ki, cəmiyyətin diqqətinə və dəstəyinə ehtiyacı olan uşaqlarla bağlı təşəbbüslər daha böyük önəm daşıyır.

“Belə təşəbbüslər nə qədər çox olarsa, uşaqlarımızın inkişafı və mədəniyyətlə tanışlığı üçün imkanlar da bir o qədər geniş olar. Bu, onlar üçün təkcə əyləncə deyil, eyni zamanda yaddaqalan xüsusi emosional təcrübədir - incəsənətə aparan yumşaq bir yol kimi”, - deyə həmsöhbətimiz əlavə edib.

Chosen
71
7
azertag.az

7Sources