Hüquq-müdafiəçilərinin məlumatına görə, həlak olanlar arasında təhlükəsizlik qüvvələrinin əməkdaşları da var...
İranda ümumölkə üzrə keçirilən etiraz aksiyalarının zorakılıqla yatırılması nəticəsində azı 544 nəfər həlak olub.
Poliqon xəbər verir ki, bu barədə hüquq-müdafiə təşkilatı HRAI məlumat yayıb. Bildirilir ki, ölənlər arasında təhlükəsizlik qüvvələrinin 48 əməkdaşı da var.
Associated Press Agentliyinin dəqiqləşdirdiyinə görə, yanvarın 8-dən etibarən İranda internetin kəsilməsi etirazların real miqyasını və ölənlərin sayını ölkə xaricindən müəyyən etməyi xeyli çətinləşdirib. İran hakimiyyəti indiyədək yalnız 38 təhlükəsizlik əməkdaşının öldüyünü təsdiqləyib. Yaralıların dəqiq sayı açıqlanmır. Məlumata əsasən, azı 10,6 min nəfər saxlanılıb və ya həbs edilib.
Qeyd edək ki, İranda etirazlar 2025-ci ilin dekabr ayının sonunda milli valyutanın kəskin dəyərdən düşməsi və qiymətlərin sürətlə artması fonunda başlayıb. Aksiya iştirakçıları siyasi rejimin dəyişdirilməsini və 1979-cu ildə devrilmiş şahın oğlu Rza Pəhləvinin hakimiyyətə gətirilməsini tələb edirlər. İran hakimiyyəti isə etirazların təşkilində ABŞ və İsraili ittiham edir.
Bununla yanaşı, Vaşinqton etirazçıların güllələnməsinin davam edəcəyi təqdirdə İrana qarşı hərbi zərbələr endirilə biləcəyi ilə hədələyib. Tehran isə cavab olaraq bildirib ki, ABŞ-nin güc tətbiq etməsi halında Amerika hərbçiləri və İsrail legitim hədəflərə çevriləcək. KİV-lərin yazdığına görə, ABŞ administrasiyası bir neçə ssenarini, o cümlədən İranın hərbi obyektlərinə birbaşa zərbələr endirilməsi və kiberhücumlar həyata keçirilməsi variantlarını nəzərdən keçirir.
Poliqon.info