EN

Paşinyan Azərbaycandakı tənqidlərə cavab verdi: “Əsassızdır! Tankları yanacaqla doldurmayacağıq!”

Azərbaycandan Ermənistana yanacaq tədarükü bu ölkədə qiymətlərin aşağı düşməsinə və uzun illərdir mövcud olan yanacaq monopoliyalarının sarsılmasına səbəb olur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycandan neft məhsullarının idxalı ilə bağlı səslənən tənqidləri şərh edərkən bildirib.

Paşinyanın sözlərinə görə, 2025-ci ilin dekabr ayının ortalarından etibarən Ermənistana Azərbaycan istehsalı olan benzin idxal olunmağa başlanıb. Onun sözlərinə əsasən, Azərbaycandan əsasən “premium” markalı benzin gətirilir və bu benzin növü üzrə Ermənistan bazarında ən aşağı qiymət 15 faiz azalıb.

Ermənistan hökumətinin başçısı xatırladıb ki, Azərbaycandan gətirilən yanacağın son partiyası cəmi iki gün əvvəl ölkəyə daxil olub. Bundan sonra dizel yanacağının ən aşağı qiyməti 2 faiz, “regular” markalı benzinin qiyməti isə dekabr ayı ilə müqayisədə təxminən 8 faiz ucuzlaşıb.

Paşinyan qeyd edib ki, Azərbaycan neft məhsullarının Ermənistana tədarükü həm Ermənistanda, həm də Azərbaycanda tənqidlərə səbəb olur. Onun sözlərinə görə, Yerevanda bəzi çevrələr iddia edir ki, Ermənistan benzin alaraq pulu Azərbaycana göndərir və guya bu vəsait sonradan Ermənistana qarşı istifadə oluna bilər. Bakıda isə əks arqument səsləndirilir və iddia olunur ki, benzin və dizel Ermənistana göndərilir ki, orada tanklar yanacaqla doldurulsun və Azərbaycana hücum edilsin.

Baş nazir bu cür narahatlıqların əsassız olduğunu vurğulayıb. O bildirib ki, iki ölkə arasında artıq sülh mühiti formalaşıb və zaman keçdikcə bu sülh daha da institusional xarakter alacaq. Paşinyanın sözlərinə görə, Ermənistanda bu narahatlıqları əsasən illər boyu yanacaq bazarında monopoliyaya sahib olan şirkətlər və dairələr təşviq edir. Yeni vəziyyətdə həmin şirkətlər qiymətləri aşağı salmağa məcbur qalacaq, nəticədə monopoliyalar zəifləyəcək və ya tamamilə aradan qalxacaq.

“Bundan Ermənistan vətəndaşları qazanacaq. Bu, sülhdür. Biz sülh şəraitində yaşamağı və ondan faydalanmağı öyrənməliyik. Ermənistan Respublikası da məhz bunu edir”, – deyə Nikol Paşinyan bildirib.

Chosen
35
nocomment.az

1Sources