EN

600 milyondan çox insanın əziyyət çəkdiyi bel ağrıları

Dünyada əlilliyin əsas səbəblərindən biri hesab olunan bel nahiyəsi ağrılarından 600 milyondan çox insan əziyyət çəkir. Avstraliyalı alimlərin apardığı yeni araşdırma göstərib ki, bu problemin həllində bahalı prosedur və dərmanlardan daha çox, həyat tərzində edilən nisbətən sadə dəyişikliklər daha effektiv nəticə verə bilər.

Publika.az xəbər verir ki, bu barədə tədqiqat Arthritis Care & Research (AC&R) jurnalında dərc olunub.

Araşdırmaya əsasən, siqaretdən imtina, fiziki aktivliyin artırılması, yuxunun yaxşılaşdırılması və sağlam bədən çəkisinin qorunması bel ağrılarının müalicəsinə çəkilən xərclərin azalması və dərmanlardan asılılığın zəifləməsi ilə əlaqəlidir. Tədqiqatın diqqətçəkən nəticələrindən biri də qadınların bu sahədə daha yüksək maliyyə yükü daşımasıdır. Belə ki, qadınlarda bel ağrısının müalicəsinə çəkilən xərclər kişilərlə müqayisədə orta hesabla 76 faiz çox olub.

Araşdırma Sidney Universitetinin Tibb fakültəsinin Sağlamlıq Elmləri Məktəbi və Çarlz Perkins Mərkəzinin professoru Paulu Ferreyranın rəhbərliyi altında aparılıb. Alimlər 12 ay ərzində iştirakçıların bədən kütlə indeksi, fiziki aktivlik səviyyəsi, yuxu keyfiyyəti və siqaret çəkmə statusunu izləyib, bu göstəriciləri şəxsi müalicə xərcləri ilə müqayisə ediblər.

Dörd əsas faktorun hər birinə 0-dan 2-yə qədər bal verilib, ümumi göstərici isə 0–8 bal aralığında qiymətləndirilib. Təhlil göstərib ki, bu göstəricilərdən hər hansı birinin cəmi 1 bal yaxşılaşması bel ağrısının müalicəsinə çəkilən xərclərin orta hesabla 23 faiz azalması ilə müşayiət olunub.

Chosen
127
publika.az

1Sources