EN

Yaponiya baş naziri növbədənkənar seçkilərə gedir

Sanae Takaiçi yüksək reytinqlər fonunda parlamentin aşağı palatasını buraxaraq hakim partiyanın mövqelərini gücləndirməyi hədəfləyir...

Poliqon France Presse Agentliyinə istinadən xəbər verir ki, Yaponiyanın baş naziri Sanae Takaiçi parlamentin aşağı palatasını buraxmaq və növbədənkənar seçkilər keçirmək niyyətindədir. Baş nazir bu addımı hökumətinin təxminən 70 faizə çatan yüksək ictimai dəstək reytinqlərindən yararlanaraq öz partiyasının siyasi təsirini möhkəmləndirmək məqsədi ilə atmaq istəyir.

Məlumata görə, hazırda hakim koalisiya aşağı palatada cüzi çoxluğa malikdir ki, bu da Takaiçinin iddialı siyasi və iqtisadi proqramının tam şəkildə həyata keçirilməsinə ciddi maneələr yaradır. Xüsusilə büdcə və xarici siyasət sahəsində planlaşdırılan islahatlar parlamentdə yetərli dəstək olmadığı üçün ləngiyir.

AFP-nin yazdığına görə, baş nazir daha geniş parlament çoxluğunun əldə edilməsinin dövlət xərclərinin artırılmasını nəzərdə tutan daha “aktiv” fiskal siyasətin reallaşdırılmasına imkan verəcəyinə ümid edir. Bununla yanaşı, Takaiçi güclənmiş siyasi mandatın Yaponiya ilə Çin arasında davam edən diplomatik və iqtisadi mübahisələrdə də Tokionun mövqelərini möhkəmləndirə biləcəyini düşünür.

Növbədənkənar seçkilərlə bağlı xəbərlər maliyyə bazarlarına da dərhal təsir göstərib. Belə ki, Tokio Fond Birjası ticarət sessiyasını 1,5 faiz artımla başa vurub. Eyni zamanda, yapon yeninin məzənnəsi zəifləyərək 2024-cü ilin ortalarından bəri ən aşağı səviyyəyə enib. Analitiklər bu tendensiyanı bazarların mümkün siyasi dəyişikliklərə və daha geniş dövlət xərclərinə reaksiyası kimi qiymətləndirirlər.

Məlumata əsasən, növbədənkənar parlament seçkiləri artıq fevralın 8-də keçirilə bilər. Bu isə Yaponiya siyasi gündəmini yaxın həftələrdə daha da gərgin və dinamik edəcək.

Poliqon.info

Chosen
51
poliqon.info

1Sources