EN

ABŞ Zəngəzura daxil olur: dəhliz razılaşmasının pərdəarxası

Ermənistan və ABŞ Zəngəzur dəhlizinin açılmasını rəsmiləşdirib. Belə ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio Zəngəzur dəhlizi – TRİP marşrutunun açılmasının hüquqi çərçivəsini müəyyən edən birgə Bəyannamə imzalayıblar. Razılaşmaya əsasən, TRİP marşrutunda pay bölgüsü ABŞ üçün 74 faiz, Ermənistan üçün isə 26 faiz nəzərdə tutulur.

Vaşinqtonda imzalanan bu sənədi Azərbaycanın strateji qələbəsi kimi qiymətləndirmək olar.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistan uzun müddət Zəngəzur dəhlizinin açılmasına qarşı çıxsa da, hazırda bu layihənin reallaşması üçün ABŞ ilə ikitərəfli saziş imzalayır:

“Bu sənəd Ermənistanın Rusiyanın təsir və təzyiqlərini neytrallaşdırmasına da xidmət edəcək. Təbii ki, Ermənistan bu razılaşmanı Azərbaycanla koordinasiya edib. Rəsmi Bakının razılığı olmadan İrəvanın Vaşinqtonla belə bir bəyanat imzalaması mümkün deyildi. Qeyd edim ki, son günlər Rusiya Zəngəzur dəhlizi ilə bağlı mövqeyini açıq şəkildə ortaya qoymuşdu. Moskva bu dəhlizin Rusiya Sərhəd Qoşunlarının məsuliyyət zonasında olduğunu bildirir və öz razılığı olmadan layihənin icrasını qeyri-mümkün hesab edirdi. Vaşinqtonda imzalanan bəyanat seçkilər ərəfəsində Nikol Paşinyanın mövqeyini də gücləndirdi. Çünki müxalifət Zəngəzur dəhlizinin açılmasını Azərbaycana güzəşt kimi təqdim edirdi. ABŞ ilə imzalanmış ikitərəfli Bəyannamə isə bu iddiaların üzərindən xətt çəkdi.

Eyni zamanda sənəddə ərazilərin Ermənistanın yurisdiksiyasında olduğu təsbit olunub. ABŞ şirkətləri Zəngəzurda təmir və tikinti işlərinə cəlb ediləcək. Ermənistanın əsas planı da məhz bundan ibarətdir, çünki yolun bərpası üçün ciddi maliyyə vəsaiti tələb olunur”.

Chosen
53
nocomment.az

1Sources