EN

Qazax-Azərbaycan teatr məktəbləri arasında paralellər

Yazını böyüt
Yazını kiçilt

AZƏRTAC Türk dünyası ölkələrinin nümayəndələri ilə müsahibələr silsiləsini davam etdirir. Növbəti qonaq teatr xadimi, aktyor, Qazaxıstanın DAT teatrının (Karaqanda) rəhbəri Dunay Espayevdir.

Hafta.az xəbər verir ki, o, türk ölkələrinin teatrlarına xas olan səciyyəvi xüsusiyyətlərdən, həmçinin qazax və Azərbaycan teatr məktəblərinin oxşar cəhətlərindən danışıb.

“Türk teatrları ölkə və ənənələrin müxtəlifliyinə baxmayaraq, bir neçə ortaq mədəni kodu paylaşır. İlk növbədə bu, sintetiklikdir: musiqililik, poetiklik, epik ünsürlər, ritual və bədən ifadəliliyinin vəhdəti. Türk səhnə mədəniyyətində söz demək olar həmişə ritm, jest və melodik xüsusiyyəti ilə birləşir. Teatr türk xalqları üçün təkcə dramatik fəaliyyət deyil, həm də ənənəvi sənətin qorunması və zənginləşdirilməsi, canlı mərasimdir. Qazax teatr məktəbi özündə epikliyi, jırauluq sənəti (hekayəçilərin şifahi poetik sənəti) ilə bağlılığı, obrazlılığı və plastikanı; ansambla və enerji mübadiləsinə xüsusi diqqəti; qazax aktyorlarının “tez alışan” olmaları ilə seçilən açıq emosional ifadəliliyi daşıyır”, – deyə müsahibimiz bildirib.

O qeyd edib ki, qazax və Azərbaycan teatr məktəbləri arasında güclü paralellər mövcuddur:

“Azərbaycanda da bizdə olduğu kimi teatr ənənəsi musiqi-ritual başlanğıcdan – muğamdan, aşıq mədəniyyətindən, musiqi ilə poeziyanın sintezindən yaranıb. Hər iki məktəb poetik teatra, metaforaya, ekspressiyaya, “səhnə ruhu” adlandırılan anlayışa meyllidir. Teatrlarımız ruhən bir-birinə yaxındır, çünki vahid türk dünyagörüşünə söykənir”.

Sənətkarın fikrincə, türk teatr mədəniyyətinin dünyada tanıdılması üçün Avropa və ya Asiya modellərini təqlid etmək deyil, özünəməxsus və tanınan mədəni üslub formalaşdırmaq vacibdir:

“Türk teatrı onu digərlərindən fərqləndirən cəhətləri – poetikanı, musiqililiyi, ritual xarakteri, plastik dili, çöl fəlsəfəsini ixrac etməlidir. Tanıtım üçün üç səviyyədə iş aparılmalıdır. Birgə koproduksiyalar. Türk ölkələrindən olan rejissorlar, dramaturqlar və aktyorlar bir tamaşa üzərində çalışdıqda, bu tamaşa avtomatik olaraq beynəlxalq xarakter alır. Festivallar və qastrol marşrutları. Müntəzəm türk teatr festivalları (bir neçə ölkəni əhatə edən rou-şou formatında) mədəni brendin formalaşmasına kömək edəcək. Dramaturgiyanın tərcüməsi və yayımı. Dünya teatrı müəlliflərimizi oxumalıdır. Bunun üçün türk dramaturqlarının mətnləri türk, ingilis və fransız dillərində təşviq edilməlidir. Ən əsası isə incəsənət vasitəsilə mədəni diplomatiyadır. Teatr qəlblə danışır və bu, türk kimliyini dünya tamaşaçısına təqdim etməyin ən yaxşı yoludur”, – deyə teatr xadimi vurğulayıb.

Müsahibimizin sözlərinə görə, DAT teatrının bir neçə türk ölkəsini birləşdirən layihələrin həyata keçirilməsi sahəsində təcrübəsi var:

“Teatrımız yarandığı gündən beynəlxalq əməkdaşlığa, xüsusilə türk məkanına yönəlib. Yəqin elə buna görə də teatrımızın ilk tamaşası türk dramaturqu Toyğun Orbayın “21:15 qatarı” əsəri oldu. Bu tamaşada mənim əziz dostlarım və həmkarlarım – Azərbaycandan rejissor Mikayıl Mikayılov və rəssam Mustafa Mustafayev iştirak etdilər, səhnədə isə qazax aktyorları çıxış etdilər. Yaxın illər üçün arzularımız bunlardır: türk ölkələrinin aktyor texnikaları üzrə immersiv laboratoriyanın təşkili, teatrların vahid konseptual formatda tamaşalar təqdim edəcəyi birgə festival layihəsi, bir neçə türkdilli ölkənin aktyorlarının iştirakı ilə koproduksiya tamaşası. Bu cür layihələrin əhəmiyyəti olduqca böyükdür. Lakin müstəqil teatr olduğumuz üçün dövlət dəstəyi olmadan bu arzular dərhal reallaşmaya bilər. Buna baxmayaraq, mən inanıram ki, biz buna nail olacağıq. Bu layihələr təkcə mədəni mübadilə deyil, Türk dünyasının vahid mədəni məkanını, vahid emosional xəritəsini yaradır. Birgə teatr işləri bir-birimizi daha yaxşı anlamağa kömək edir, çünki teatr sadəcə qastrol mübadiləsi deyil, mədəniyyətlərin dialoqudur. Teatr bəzən siyasətin çətinləşdirdiyi dəyərləri, yəni etimadı, qarşılıqlı hörməti və ortaq kimliyi möhkəmləndirir”.

Chosen
160
hafta.az

1Sources