EN

Rusiya AZAL təyyarəsi ilə bağlı həqiqəti ört-basdır edir: Günahkarlar cəzasız qaldı

Rusiya tərəfindən AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı aparıldığı iddia edilən istintaqın faktiki olaraq nəticəsiz qalması və məsul şəxslərin cəzasız buraxılması Azərbaycan cəmiyyətində ciddi narahatlıq doğurub. Rəsmi Moskvanın verdiyi vədlərlə ziddiyyət təşkil edən bu qərar təkcə hüquqi məsuliyyət məsələsi deyil, eyni zamanda Rusiya–Azərbaycan münasibətlərində siyasi etimadın gələcəyi baxımından da riskli presedent kimi dəyərləndirilir.

Məsələ ilə bağlı siyasi analitik Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, AZAL-a məxsus sərnişin təyyarəsinin bir il əvvəl Qroznoda vurulması hadisəsi onsuz da iki ölkə arasındakı münasibətlərə ciddi zərbə vurub və xalqlar arasında etimadı sarsıdıb:

 

“Hadisədən sonra istintaqın bu qədər uzadılması qarşılıqlı etimada növbəti zərbə oldu. Azərbaycanın ali siyasi səviyyədə irəli sürdüyü şərt və tələblərin yerinə yetirilməməsi isə bu etimadsızlığı daha da dərinləşdirdi. Azərbaycan Prezidenti tərəfindən ortaya qoyulmuş dörd əsas tələbin heç biri icra edilmədi. Halbuki ötən ilin sonunda Düşənbədə Vladimir Putinlə İlham Əliyevin görüşündə Rusiya Prezidenti bu cinayətin sona qədər araşdırılacağını və günahkarların cəzalandırılacağını açıq şəkildə vəd etmişdi. Həmin görüşdən sonra Azərbaycan ictimaiyyətində, bütün bu mənfi fon fonunda belə, istintaqın ədalətli nəticə ilə başa çatacağına müəyyən ümidlər yaranmışdı”.

Analitik vurğulayıb ki, son aylarda Rusiyanın rəsmi qurumlarından səslənən və faktiki qərarlarla təsdiqlənən məlumatlar bu ümidləri tamamilə puça çıxarıb:

“Son dörd-beş ay ərzində, xüsusilə də rəsmi kanallardan yayılan xəbərlər Azərbaycan–Rusiya münasibətlərinə az qala təyyarənin vurulması hadisəsi qədər ağır zərbə vurdu. Rusiya İstintaq Komitəsi heç bir əsaslandırma vermədən cinayət işinə xitam verdi. Eyni zamanda, təyyarənin vurulması əmrini verdiyi bildəirilən generalla bağlı istintaq da izahatsız şəkildə dayandırıldı. Bu addımlar Düşənbə görüşündən sonra formalaşmış zəif, amma mövcud olan etimadı tamamilə dağıtdı”.

Aydın Quliyev qeyd edib ki, hüquq və məntiq baxımından motivsiz cinayət mümkün deyil:

“Cinayət varsa, onun sifarişçisi də var, icraçısı da var. Birbaşa və ya dolayı məsuliyyət daşıyan şəxslər olmadan belə bir hadisənin baş verməsi qeyri-mümkündür. Amma bütün bunlara baxmayaraq, açıq-aşkar baş vermiş ağır cinayətin sona qədər araşdırılmaması, günahkarların tam şəkildə üzə çıxarılmaması və işə yarımçıq şəkildə xitam verilməsi həm Azərbaycan dövləti, həm də Azərbaycan rəhbərliyinə qarşı hörmətsiz münasibətin göstəricisidir”.

Onun sözlərinə görə, bu qərarın nəticələri təkcə hüquqi müstəvidə deyil, siyasi müstəvidə də ciddi fəsadlar yaradır:

“Belə bir cinayət işi sona qədər aparılmadan bağlanırsa, artıq Azərbaycan–Rusiya münasibətlərində nə dövlətlərarası, nə də xalqlararası səviyyədə tam qarşılıqlı etimaddan danışmaq mümkün deyil. Açığı, maraqlıdır ki, Rusiya tərəfi bu mövqeni gələcəkdə dövlət başçıları səviyyəsində keçiriləcək görüşlərdə necə izah edəcək. Çünki bu qərarın nə hüquqi, nə siyasi, nə də mənəvi baxımdan əsaslandırılması mümkündür”.

Siyasi analitik hesab edir ki, əgər bundan sonra Rusiya–Azərbaycan münasibətlərində etimad daha da zəifləyərsə, bunun əsas məsuliyyəti Rusiya tərəfinin üzərinə düşəcək:

“Əgər münasibətlər əvvəlki yüksək etimad səviyyəsinə qayıtmayacaqsa və daha da pisləşəcəksə, bu, birbaşa Rusiyanın tutduğu mövqenin nəticəsi olacaq. Xüsusilə də AZAL təyyarəsi ilə bağlı nümayiş etdirilən yanaşma bu prosesdə əsas dağıdıcı faktor kimi tarixə düşəcək. Bu fakta görə Rusiya–Azərbaycan münasibətləri yaxın perspektivdə əvvəlki qarşılıqlı etimad mərhələsinə qayıda bilməz”.

// Gülnarə Abasova, Editor.az

Chosen
68
editor.az

1Sources