EN

Professor: TRIPP siyasi bəyanatdan icra oluna bilən institusional mərhələyə keçib

Bakı, 15 yanvar, Səbinə Əlizadə, AZƏRTAC

Vaşinqtonda “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) üzrə çərçivə sənədinin qəbul edilməsi, bu təşəbbüsün artıq siyasi bəyanat səviyyəsindən çıxaraq, real icra mexanizmləri olan institusional mərhələyə keçdiyini göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri, professor Aygün Attar bildirib.

Onun sözlərinə görə, qəbul olunan sənəd Ermənistan üçün konkret nəticələr doğuran mexanizmlər formalaşdırır: “Bu mərhələdə proses ritorikadan daha çox dəqiq tarixlərə bağlanan addımlar, ölçülə bilən göstəricilər və yoxlanılan icra prinsipləri üzərində qurulur. Ermənistanın üzərinə götürdüyü öhdəliklərin real icrası mərhələli yol xəritəsi, beynəlxalq verifikasiya və nəzarət mexanizmləri, eləcə də icra ilə birbaşa bağlı maliyyə və siyasi şərtləndirmə vasitələri ilə təmin oluna bilər”.

A.Attarın sözlərinə görə, tranzit rejiminin pozulması artıq siyasi mülahizələrdən daha çox texniki və hüquqi məsuliyyət predmetinə çevrilir ki, bu da marşrutun fəaliyyətini fərdi qərarların asılılığından çıxararaq sistemli və davamlı modelə çevirir.

Ekspert vurğulayıb ki, TRIPP-in tam fəaliyyətə başlaması Azərbaycanın regional mövqeyini keyfiyyətcə dəyişir: “Azərbaycan artıq regionun aparıcı tranzit ölkəsidir və bu statusun davamlı saxlanılması üçün Cənubi Qafqazda nəqliyyat arxitekturasını formalaşdıran mərkəz dövlət mövqeyini möhkəmləndirir. Naxçıvanla Azərbaycanın qərb regionları arasında maneəsiz bağlantının təmin edilməsi milli təhlükəsizlik, iqtisadi inteqrasiya və strateji dayanıqlıq baxımından həlledici əhəmiyyət daşıyır”.

Onun fikrincə, bu yanaşma Azərbaycanın manevr imkanlarını genişləndirir, ölkəni tək bir marşrutdan asılı vəziyyətə salmır, əksinə çoxşaxəli bağlantı şəbəkəsinə söykənən aktora çevirir. Orta və uzunmüddətli perspektivdə TRIPP Azərbaycanın Orta Dəhlizdə çəkisini artıracaq, regional ticarət axınlarında etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirəcək.

Professor bildirib ki, Ermənistan üçün seçim getdikcə daha aydın görünür: “İrəvan ya regional inteqrasiyanın fəal iştirakçısına çevrilməli, ya da kənarda qalmağın iqtisadi və siyasi xərcləri ilə üzləşməlidir. Bu mənada TRIPP sülhü mücərrəd çağırışdan çıxarıb konkret iqtisadi mexanizmə çevirir və regionda yeni reallığın əsas dayaqlarından biri kimi formalaşır”.

Ekspert, həmçinin, Zəngəzur dəhlizinin Azərbaycanın istədiyi formatda həyata keçiriləcəyinə inamını ifadə edərək bildirib ki, Azərbaycanı Naxçıvana quru yolu ilə bağlayacaq bu dəhliz həm Orta Dəhliz, həm də Türkiyənin Türk dünyasına açılması baxımından olduqca mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda mətbuat nümayəndələri ilə ilin yekunlarına dair görüşü zamanı TRIPP-in fəaliyyətə başlaması üçün Vaşinqtonda əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıb, Azərbaycan ilə Ermənistan arasında paraflanan sülh sazişinin imzalanaraq həyata keçirilməsini gözlədiklərini bildirib. Onun sözlərinə görə, sülhün tam təmin olunması üçün Ermənistanın üzərinə düşən öhdəliklərin icrası əsas şərtdir və bu istiqamətdə nümayiş etdirilən müsbət iradə dəstəklənir.

Chosen
132
azertag.az

1Sources