EN

“Vaşinqtonun məqsədi rejimi devirmək deyil” - Həşim Səhrablı

"ABŞ-nin İrana mümkün zərbələr endirməsi ehtimalının nə qədər real olub-olmamasını cavablandırmaq üçün bir incə məqam var ki, onu nəzərə aldıqda suala tam mənada cavab vermək mümkündür. Bu incə məqam nədən ibarətdir? Belə qənaətə gəlmək olar ki, ABŞ İrandakı rejimin devrilməsini və ya başqa sözlə desək, İranda hakimiyyət dəyişikliyini, eləcə də ölkənin parçalanmasını istəmir. ABŞ-nin istədiyi əsas məsələ fərqlidir: mövcud rejimin öz siyasi kursunu dəyişməsidir. Yəni İranda mövcud olan neft ehtiyatları və digər zənginliklərin Rusiya və xüsusən də Çin tərəfindən ABŞ və Qərbin maraqlarına zidd şəkildə istifadə edilməsinin qarşısının alınmasıdır. Məhz bu məqam ABŞ-nin strateji maraqları ilə ziddiyyət təşkil edir. ABŞ-nin molla rejimindən istədiyi də məhz budur. Başqa sözlə, “siyasi xəttinizi dəyişin, bizə tabe olun, tələblərimizi yerinə yetirin, ondan sonra isə hakimiyyətdə qalmağınız bizim üçün problem deyil” mesajı verilir. Yəni ABŞ əslində rejim dəyişikliyinin tərəfdarı deyil".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub. Tərəflər görüş zamanı İranda baş verən kütləvi iğtişaşlar fonunda Vaşinqtonun mümkün hərbi müdaxilə ssenarilərini və koordinasiya məsələlərini müzakirə ediblər. Bazar ertəsi keçirilən təmasda Rubio və Netanyahu ABŞ-nin İrana birbaşa müdaxilə ehtimalını da müzakirə mövzusuna çeviriblər.

Siyasi şərhçi qeyd edib ki, əgər rejim dəyişərsə, İran kimi strateji və eyni zamanda siyasi strukturu olduqca mürəkkəb olan bir ölkədə bundan sonra hansı proseslərin baş verəcəyini hesablamaq mümkün deyil.

Chosen
111
aznews.az

1Sources