EN

Bu şəxlər HƏBS EDİLƏ BİLƏR – Prezident QƏRAR VERDİ!

Prezident İlham Əliyevin təsdiqlədiyi son dəyişikliklər “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunu yenidən gündəmin əsas mövzularından birinə çevirib. Uzun müddətdir müzakirə olunan bu yeniliklər, xüsusilə ictimai məkanlarda və onlayn platformalarda yayılan məzmunla bağlı yeni məhdudiyyətlər nəzərdə tutur.

Dəyişikliklərə əsasən, kütləvi nümayişlər zamanı ictimai əxlaqı zədələyən, açıq hörmətsizlik ifadə edən, söyüş, əxlaqsız jest və ifadələrdən, eləcə də milli-mənəvi dəyərlərlə ziddiyyət təşkil edən vizual materialların yayılması qadağan olunur.

NOCOMMENT.az-ın məlumatına görə, bu məsələyə münasibət bildirən “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru və Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında qeyd edib ki, belə bir hüquqi tənzimləmənin ortaya çıxması təsadüfi deyil. Onun fikrincə, son illər sosial mediada etik normaları aşan, aqressiv, təhqiramiz və açıq-saçıq məzmunun artması bu addımı qaçılmaz edib.

Osman Gündüz vurğulayıb ki, xüsusilə uşaqların və həssas sosial qrupların qorunması, eləcə də ictimai mühitdə minimum davranış standartlarının saxlanılması baxımından qanunun məqsədi anlaşılandır. Bununla belə, o, yeni normalarla bağlı müəyyən risklərin də mövcud olduğuna diqqət çəkib.

Ekspertin sözlərinə görə, qanunda istifadə olunan “ictimai mənəviyyat”, “əxlaqsız ifadə” və “milli-mənəvi dəyərlərə zidd məzmun” kimi anlayışların dəqiq hüquqi izahının olmaması subyektiv yanaşmalara yol aça bilər. Bu isə ayrı-ayrı hallarda seçici tətbiq və sui-istifadə ehtimalını artıra bilər.

O bildirib ki, məsələn, hansısa məmurun fəaliyyəti emosional və sərt üslubda tənqid edildikdə, bu cür paylaşımlar “ictimaiyyətə açıq hörmətsizlik” kimi qiymətləndirilərək silinə və ya müəllif hüquqi məsuliyyətlə üzləşə bilər. Eyni risklərin satirik materiallara, performans sənətinə, ictimai aksiyalardan yayılan görüntülərə və jurnalist araşdırmalarına da şamil edilə biləcəyini qeyd edib.

Osman Gündüz jurnalistlərə, blogerlərə və kontent istehsalçılarına müraciət edərək bildirib ki, bundan sonra tənqidlərdə dil və üsluba daha diqqətlə yanaşmaq vacib olacaq. Onun sözlərinə görə, söyüş, açıq təhqir və çılpaq vizual materiallar artıq ciddi hüquqi risk daşıyır və canlı yayımlar, “story”lər də adi paylaşımlar kimi məsuliyyət yaradır.

Ekspert əlavə edib ki, onlayn mühitdə təhqir, söyüş və cəmiyyəti alçaldan davranışlar ifadə azadlığı anlayışına daxil deyil. Əksinə, faktlara söykənən, arqumentli və etik çərçivədə aparılan tənqidlər daha təhlükəsiz və effektivdir. Onun fikrincə, qanunun əsas məqsədi ictimai məkanı və etik mühiti qorumaqdır, lakin bunun üçün aydın izahlar, dəqiq hüquqi mexanizmlər və güclü məhkəmə nəzarəti vacibdir.

Osman Gündüz qeyd edib ki, bir sıra ölkələrdə oxşar tənzimləmələr mövcuddur, lakin bu qaydalar adətən dar çərçivədə, konkret təriflərlə və məhkəmə nəzarəti altında tətbiq olunur. Təcrübə göstərir ki, demokratik institutların zəif olduğu mühitdə bu cür normalar bəzən tənqidçiləri susdurmaq üçün alətə çevrilə bilir.

Sonda ekspert ümidvar olduğunu bildirib ki, yeni dəyişikliklər ölkədə kontent istehsalı mədəniyyətinin yüksəlməsinə, daha keyfiyyətli və etik məzmunun təşviqinə xidmət edəcək və özünüsenzura, yaxud tənqidi fikirlərin boğulması vasitəsinə çevrilməyəcək.

Müzakirə olunan qanun dəyişikliyi ilə bağlı mövqelər təkcə Osman Gündüzlə məhdudlaşmır. Məsələ informasiya texnologiyaları və hüquq sahəsində çalışan digər mütəxəssislər arasında da fərqli yanaşmalar doğurub.

NOCOMMENT.az-a açıqlama verən İT mütəxəssisi, kibertəhlükəsizlik üzrə ekspert Samir Heybətov bildirib ki, yeni dəyişikliklər texniki baxımdan onlayn platformalar üçün əlavə məsuliyyət yaradır. Onun sözlərinə görə, qanunun praktik tətbiqi əsasən sosial şəbəkələr və kontent paylaşım platformaları üzərindən aparılacaq: “Bu dəyişikliklərdən sonra platformalar paylaşılan məzmunu daha ciddi filtrdən keçirməyə məcbur qalacaq. Xüsusilə canlı yayımlar, qısa videolar və ‘story’ formatlı paylaşımlar risk zonasına düşür. Alqoritmlərlə etik və qeyri-etik məzmunu ayırmaq isə həmişə mümkün olmur. Bu da texniki səhvlərə və bəzən haqlı kontentin də silinməsinə gətirib çıxara bilər”.

Samir Heybətov qeyd edib ki, texnoloji tərəfdən problem yaradan əsas məqam anlayışların qeyri-müəyyənliyidir: “Əgər “əxlaqsız məzmun” və ya ‘ictimai mənəviyyata zidd’ anlayışları dəqiq çərçivəyə salınmasa, platformalar risk etməmək üçün daha sərt senzura tətbiq edəcək. Bu isə dolayısı ilə özünüsenzuranı gücləndirə bilər”.

Məsələyə hüquqi prizmadan yanaşan Aysel Əhmədova isə NOCOMMENT.az-a bildirib ki, qanunun niyyəti ilə tətbiqi arasında balans qorunmalıdır. Onun fikrincə, ictimai əxlaqın qorunması legitim məqsəd olsa da, bu, ifadə azadlığı hesabına başa gəlməməlidir: “Qanunvericilikdə bu cür anlayışlar mövcud ola bilər, lakin onlar mütləq şəkildə konkret meyarlarla müşayiət olunmalıdır. Əks halda, hüquq-mühafizə orqanlarının və ya icra strukturlarının geniş interpretasiya imkanı yaranır”.

Hüquqşünasın sözlərinə görə, çıxış yolu qanunun tətbiqində məhkəmə nəzarətinin gücləndirilməsi və presedent hüququnun formalaşdırılmasıdır: “Hər bir mübahisəli hal müstəqil məhkəmə tərəfindən qiymətləndirilməlidir. Yalnız bu halda həm ictimai mənəviyyətin qorunması, həm də vətəndaşların söz azadlığı arasında sağlam tarazlıq yaratmaq mümkündür”.

 

 

Chosen
124
50
nocomment.az

10Sources