AZ

Süni intellektdən istifadə edənlərin NƏZƏRİNƏ – Həbs oluna bilərsiniz

"Süni intellektlə yaradılan "deepfake" məzmunlar Azərbaycan hüquq sistemi üçün nisbətən yeni, lakin son dərəcə aktual çağırışdır. Hazırda ölkəmizdə "deepfake" anlayışını birbaşa tənzimləyən ayrıca qanunvericilik aktı mövcud deyil. Lakin bu, həmin halların hüquqi məsuliyyətsiz qalması anlamına gəlmir".

Bu fikirləri Medailoq.az-a açıqlamasında hüquq müdafiəçisi Rəşad Əliyev qeyd edib.

O deyib ki, mövcud qanunvericilik çərçivəsində belə hallar bir neçə istiqamətdə qiymətləndirilə bilər:
"Əgər süni intellekt vasitəsilə hazırlanmış saxta video və ya səs yazısı şəxsin şərəf və ləyaqətini alçaldırsa, bu, Mülki Məcəllənin və Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə məsuliyyət yarada bilər. Eyni zamanda, şəxsi həyatın toxunulmazlığının pozulması, şəxsi məlumatların qanunsuz yayılması və ya imicə ciddi zərər vurulması hallarında hüquqi müdafiə mexanizmləri mövcuddur. Xüsusilə seçkilər, ictimai-siyasi proseslər və dövlət təhlükəsizliyi ilə bağlı sahələrdə "deepfake" texnologiyalarından istifadə daha ağır nəticələr doğura bilər. Bu cür məzmunlar dezinformasiya, ictimai çaşqınlıq və siyasi manipulyasiya məqsədi daşıyırsa, artıq məsələ təkcə fərdi hüquqların pozulması deyil, həm də milli təhlükəsizlik kontekstində qiymətləndirilir. Bu halda məsuliyyət daha sərt ola və cinayət tərkibi formalaşa bilər".

O əlavə edib ki, Azərbaycanda "Media haqqında" Qanun və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanun çərçivəsində yalan, təhrif olunmuş və ictimai rəyə təsir edən məlumatların yayılmasına görə hüquqi öhdəliklər müəyyən edilib:

"Süni intellektlə hazırlanmış saxta kontent də bu normaların predmetinə düşə bilər. Media subyektləri və platformalar belə məzmunların yayılmasına görə hüquqi risk daşıyırlar. Gələcək perspektivdə isə Azərbaycan üçün ayrıca "deepfake" və süni intellektlə bağlı normativ aktların qəbul edilməsi qaçılmaz görünür. Beynəlxalq təcrübə göstərir ki, bu sahədə əsas yanaşma balanslı olmalıdır. Bir tərəfdən texnoloji inkişaf boğulmamalı, digər tərəfdən isə şəxsi həyat, reputasiya, ictimai sabitlik və demokratik proseslər effektiv şəkildə qorunmalıdır. Hüquqi tənzimləmənin vaxtında və qabaqlayıcı formada aparılması bu risklərin idarə olunmasında həlledici rol oynayacaq".

 

Seçilən
25
1
7news.az

10Mənbələr