EN

Tramp Qəzza üzrə Sülh Şurasının yaradıldığını elan edib

Yeni qurum Qəzza sektorunun bərpasına rəhbərlik edəcək və Ağ evin sülh planının ikinci mərhələsinin əsas elementi olacaq...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Qəzza sektorunda müharibənin nizamlanması və bölgənin bərpası məqsədilə Sülh Şurasının yaradıldığını açıqlayıb. ABŞ lideri bu barədə özünün Truth Social sosial şəbəkəsində yazaraq, qurumun artıq formalaşdırıldığını bildirib.

Donald Tramp qeyd edib ki, Şuranın tərkibi yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq. Prezidentin sözlərinə görə, bu qurum indiyədək istənilən vaxtda və istənilən məkanda yaradılmış “ən möhtəşəm və ən nüfuzlu şura” olacaq. Tramp Sülh Şurasının Qəzza sektorunun gələcəyi ilə bağlı əsas qərarların qəbulunda mühüm rol oynayacağını vurğulayıb.

“The Telegraph” qəzetinin məlumatına əsasən, Sülh Şurasında Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Səudiyyə Ərəbistanı, Qətər, Misir və Türkiyənin təmsil olunacağı ehtimal edilir. Şuranın ilk iclasının yanvarın 19–23-də keçiriləcək Dünya İqtisadi Forumu çərçivəsində Davosda baş tuta biləcəyi bildirilir.

Xatırladaq ki, yanvarın 14-ü axşam saatlarında Vaşinqton Qəzzada münaqişənin həllinə dair planın ikinci mərhələsinin rəsmi olaraq başladığını elan edib. ABŞ tərəfindən təqdim olunan plana əsasən, növbəti mərhələdə fələstinli radikal qruplaşmaların tərksilah edilməsi, texnokratik idarəetmənin qurulması və Qəzza sektorunun genişmiqyaslı bərpası nəzərdə tutulur. Ağ ev bu mərhələnin bölgədə uzunmüddətli sabitliyin təmin olunmasına xidmət edəcəyini bildirir.

Poliqon.info

Chosen
25
poliqon.info

1Sources