EN

ABŞ diplomatının "52-ci ştat və qubernator" zarafatı İslandiyada qalmaqala səbəb olub

İslandiyada ABŞ-dan olan səfir namizədinin zarafatı narazılıq yaradıb. O, İslandiyanı ABŞ-nin 52-ci ştatı adlandırıb...

Poliqon xəbər verir ki, The Guardian nəşrinin yazdığına görə, minlərlə insan mümkün səfirin bu sözlərinə etiraz edərək petisiya imzalayıb.

Rəsmilər jurnalistlərə bildiriblər ki, İslandiyada ABŞ səfiri vəzifəsinə namizəd olan Billi Lonqdan "İslandiya 52-ci ştat olacaq, mən isə qubernator" məzmunlu zarafat eşidiblər.

Bu sözlər Qrenlandiya və Danimarkanın yüksək vəzifəli nümayəndələrinin ABŞ təmsilçiləri ilə görüşü ərəfəsində, qeyri-rəsmi söhbət zamanı səsləndirilib. Həmin görüşdə ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirmə niyyətləri müzakirə olunmalı idi.

İslandiyanın Xarici İşlər Nazirliyi ABŞ səfirliyinə müraciət edərək məsələ ilə bağlı izahat tələb etdiyini açıqlayıb. İslandiyalılar xarici işlər naziri Katrin Qunnarsdottirdən Lonqun namizədliyinin rədd edilməsini xahiş edən petisiya yaradıblar. Petisiyada qeyd olunur ki, Billi Lonqun sözləri bəlkə də zarafat məqsədi daşıyıb. "Bununla belə, bu ifadələr İslandiya və azadlığı uğrunda mübarizə aparmış, hər zaman ABŞ-ın dostu olmuş İslandiya xalqı üçün təhqiramizdir", deyə petisiyada vurğulanır.

Daha sonra Lonq sözlərinə görə üzr istəyib. O bildirib ki, bu şərhlər zarafatla deyilib, çünki başqaları Donald Trampın Qrenlandiya üzrə xüsusi elçisi Ceff Landri ilə bağlı zarafat edirlər.

"Burada ciddi heç nə yox idi. Üç ildir görüşmədiyim insanlarla bir yerdə idim. Onlar Ceff Landrinin Qrenlandiyanın qubernatoru olması barədə zarafat edirdilər, sonra mənimlə də zarafat etməyə başladılar. Əgər bu kimisə incitdisə, üzr istəyirəm", nəşr Lonqun sözlərini sitat gətirir.

O, İslandiyada işləməyə davam etmək istədiyini də vurğulayıb.

Bununla belə, İslandiyada bildirirlər ki, bu zarafat gülməli olmayıb və Tramp komandasının nümayəndələrinin sözlərini ciddi qəbul etmək lazımdır. Parlament üzvü Siqmar Qudmundssonun fikrincə, amerikalıların Qrenlandiya ilə bağlı irəli sürdüyü təhlükəsizlik arqumentləri İslandiyaya da aiddir. Bu, hər iki adanın coğrafi mövqeyi ilə bağlıdır.

Poliqon.info

Chosen
105
poliqon.info

1Sources