EN

Xərclərin səmərəli idarə olunması və prioritetləşdirilməsi dövlətin maliyyə dayanıqlılığını möhkəmləndirir

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

“2026‑cı il üçün Azərbaycan dövlət büdcəsinin gəlirləri təxminən 38,6 milyard manat səviyyəsində proqnozlaşdırılıb və bu göstərici ötən illə müqayisədə cüzi artım göstərir. Artım əsasən qeyri‑neft sektoru üzrə daxilolmaların güclənməsindən qaynaqlanır ki, bu da iqtisadi diversifikasiyanın davam etdiyini göstərir. Gəlirlərin bu səviyyədə proqnozlaşdırılması, ilk növbədə, dövlət xərclərinin maliyyələşdirilməsi və sosial proqramların davamlılığının təmin olunması baxımından vacibdir. Bu aspektdən yanaşdıqda, büdcənin gəlir strukturu iqtisadi dayanıqlığın əsas göstəricisi kimi qiymətləndirilə bilər. Xərclər isə təxminən 41,7 milyard manat səviyyəsində proqnozlaşdırılır”.

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Əli Səlimov danışıb. İqtisadçı qeyd edib ki, büdcə xərclərinin əsas hissəsi cari xərclər və sosial sahələrə yönəldilir: “Bu çərçivədə vəsaitlər əsasən əməkhaqları və pensiyaların maliyyələşdirilməsinə, sosial müavinət və yardımlara, təhsil və səhiyyə sisteminin saxlanmasına ayrılır. Bununla yanaşı, kapital xərclər çərçivəsində nəqliyyat və kommunal infrastrukturun inkişafı, regional layihələrin icrası, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və yenidən qurulması əsas prioritetlər sırasındadır. Bu investisiyalar iqtisadi fəallığın artırılmasına və regionların sosial-iqtisadi inkişafına töhfə verməyi hədəfləyir”.

Əli Səlimov

İqtisadçı vurğulayıb ki, sosial xərclərin artması əhalinin rifahının qorunması və sosial sabitliyin təmin edilməsi baxımından müsbət qiymətləndirilə bilər, eyni zamanda xərclərin bu səviyyədə genişlənməsi büdcə kəsri riskini gündəmə gətirir.

Əli Səlimov bildirib ki, büdcə kəsri təxminən 3,1 milyard manat və ya ÜDM-in 2,3 faizi səviyyəsində proqnozlaşdırılır ki, bu da qısa müddətli perspektivdə idarəolunan hesab olunsa da, uzunmüddətli fiskal dayanıqlıq üçün diqqətli planlaşdırma tələb edir: “Büdcə kəsrinin iqtisadi təsiri əsasən investisiya və maliyyə balansı kanalları ilə nəzərə alınmalıdır. Əgər büdcə kəsri infrastrukturun yenilənməsi, texnologiya və insan kapitalına yönəldilərsə, bu, uzunmüddətli iqtisadi artımı dəstəkləyə və büdcə balansını gücləndirə bilər. Əks halda, büdcə kəsrinin maliyyələşdirilməsi yalnız neft fondu və ya xarici borc hesabına həyata keçirilərsə, dövlət borcunun yükünün artması və makroiqtisadi risklərin yüksələməsi baş verə bilər. Bu baxımdan büdcə kəsrinin səviyyəsi və onun idarə olunma strategiyası iqtisadi sabitliyin qorunması üçün kritik amildir”.

Əli Səlimov qeyd edib ki, büdcənin gəlir və xərcləri iqtisadiyyatın müxtəlif sahələrinə dolayısı ilə təsir göstərir: “Gəlirlərin güclənməsi vergi bazasının genişlənməsini, qeyri‑neft sektorunun inkişafını və investisiya mühitinin stabilləşməsini dəstəkləyir. Bu da öz növbəsində iş yerlərinin yaradılmasına və iqtisadi aktivliyin yüksəlməsinə imkan verir”.

İqtisadçı hesab edir ki, xərclərin səmərəli idarə olunması və prioritetləşdirilməsi büdcə kəsrinin minimuma endirilməsinə, dövlətin maliyyə dayanıqlılığının təmin olunmasına xidmət edir: “Sosial xərclərin artırılması isə iqtisadi sabitliyi gücləndirir, çünki təhsil və səhiyyə sisteminə yönəldilən vəsait insan kapitalını gücləndirir, məhsuldarlığı artırır və uzunmüddətli perspektivdə iqtisadi rəqabət qabiliyyətini yüksəldir”.

“Ümumilikdə onu demək olar ki, gəlirlərin artırılması, xərclərin prioritetləşdirilməsi və büdcə kəsrinin strateji idarə olunması dövlət maliyyə siyasətinin dayanıqlılığını təmin edir. Sosial sahələr və infrastruktur layihələrinə ayrılan vəsaitlər əhalinin rifahını qoruyur, iqtisadi aktivliyi gücləndirir və uzunmüddətli perspektivdə iqtisadi sabitliyi möhkəmləndirir. Büdcənin bu aspektləri onu yalnız cari iqtisadi və sosial vəziyyətə uyğunlaşdırmır, həm də gələcəkdəki risklərin minimal səviyyədə saxlanması və dayanıqlı artım imkanlarını artırmaq baxımından əhəmiyyətli edir”-deyə Əli Səlimov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
123
bizimyol.info

1Sources