Brüssel Vaşinqtonun Ukraynanın müdafiəsində rolundan narahatdır...
Poliqon xəbər verir ki, Politico nəşrinin məlumatına görə, Avropa İttifaqı ABŞ prezidenti Donald Trampla Qrenlandiya məsələsi üzrə açıq qarşıdurmanın qarşısını almağa çalışır. Brüsseldə ehtiyat edirlər ki, Vaşinqtonla münasibətlərdə kəskin gərginlik ABŞ-nin Ukraynanın müdafiəsində oynadığı strateji rola mənfi təsir göstərə bilər.
Avropa rəsmilərinin fikrincə, Qrenlandiya ətrafında ABŞ-nin mümkün addımlarına sərt reaksiya verilməsi daha genişmiqyaslı eskalasiyaya yol aça bilər. Onlar hesab edirlər ki, hazırda Avropa qitəsi belə bir gərginliyə həm siyasi, həm də psixoloji baxımdan tam hazır deyil.
Politico yazır ki, Aİ daxilində mövcud olan bu narahatlıqlar Qrenlandiyanın geosiyasi əhəmiyyəti ilə yanaşı, transatlantik münasibətlərin gələcəyi ilə bağlı da suallar doğurur. Xüsusilə ABŞ-nin hərbi və siyasi dəstəyinin Ukrayna üçün həlledici olduğu bir mərhələdə Brüssel Vaşinqtonla açıq toqquşmadan yayınmağa üstünlük verir.
Mənbənin məlumatına görə, Avropa paytaxtlarında hesab edirlər ki, emosional və sərt mövqe əvəzinə, diplomatik kanalların saxlanılması və dialoqun davam etdirilməsi daha məqsədəuyğundur. Bu yanaşma həm Qrenlandiya ətrafındakı riskləri azaltmaq, həm də ABŞ ilə strateji əməkdaşlığı qorumaq məqsədi daşıyır.
Poliqon.info