EN

Gündə 15 dəqiqəyə 500 manat? – Şübhəli mesajların pərdəarxası

Son günlər bir çox vətəndaşın mobil telefonuna və sosial şəbəkə hesablarına şübhəli məzmunlu mesajlar göndərilir.

Bu mesajlarda özünü müxtəlif şirkətlərin əməkdaşı, xüsusilə də "İnsan Resursları meneceri" kimi təqdim edən şəxslər az vaxt sərf etməklə yüksək qazanc vəd edir, əlaqə üçün isə əsasən Telegram üzərindən yazmağı təklif edirlər.

Bakı və Sumqayıt şəhərlərində "Bitcoin bankomatlarının quraşdırılması" adı altında yayılan bu cür təkliflər ictimaiyyətdə narahatlıq yaradıb və onların dələduzluq ehtimalı ilə bağlı suallar doğurur.

Bu iş təklifləri realdır?

Mövzu ilə bağlı Day.Az-a danışan İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib ki, bu mesaj klassik rəqəmsal dələduzluq (scam) nümunəsidir və son dövrlər geniş yayılıb.

"Mətn ilk baxışdan real iş təklifi kimi təqdim olunsa da, bir sıra şübhəli və təhlükəli əlamətlər daşıyır. Əvvəla, mesajı göndərən şəxs özünü "İnsan Resursları meneceri" kimi təqdim edir, lakin şirkətin adı, hüquqi statusu, VÖEN-i, rəsmi saytı və ya əlaqə nömrəsi göstərilmir. Bu, ciddi şirkətlər üçün qeyri-mümkün haldır. İkincisi, "Bitcoin bankomatlarının quraşdırılması layihəsi" kimi səsləndirilən fəaliyyət xüsusi icazə tələb edən sahədir. Bu cür layihələr heç vaxt təsadüfi SMS-lə, naməlum şəxslər vasitəsilə işçi axtarmır."

Ekspert deyib ki, üçüncü və ən təhlükəli məqam, real olmayan qazanc vədidir.

"Gündə cəmi 15 dəqiqəlik işə görə 200-500 manat gəlir iqtisadi və hüquqi baxımdan məntiqsizdir. Dələduzlar məhz bu cür cəlbedici rəqəmlərlə insanların diqqətini çəkir və tələyə salırlar. Dördüncü risk faktoru isə əlaqə üçün Telegram-a yönləndirmədir. Rəsmi işə qəbul prosesləri heç vaxt yalnız Telegram üzərindən aparılmır. Bu platforma dələduzlar üçün anonimlik və iz itirmə baxımından əlverişlidir."

Vətəndaş keçidə daxil olarsa, nə baş verəcək?

Bəhruz Əliyev prosesi belə izah edib.

"Bu tip sxemlərin davamında adətən aşağıdakılar baş verir: sizdən "aktivasiya haqqı", "hesab açılışı", "təhlükəsizlik depoziti", "vergi ödənişi" adı altında pul tələb olunur və ya bank kartı məlumatlarınız istənilir. Bəzi hallarda isə şəxs özü bilmədən pul köçürmələrində vasitəçi roluna salınır ki, bu da cinayət məsuliyyəti yarada bilər."

Mütəxəssis deyib ki, bu mesaj etibarlı iş təklifi deyil, yüksək riskli dələduzluq cəhdidir.

"Belə hallarda mesaj cavablandırılmamalı, linklərə keçilməməli, Telegram əlaqəsi qurulmamalı və mesaj "Spam" kimi işarələnməlidir. Vətəndaşlar unutmalı deyil ki, real iş təklifləri həmişə şəffaf, rəsmi və yoxlanıla bilən məlumatlarla təqdim olunur."

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli isə Day.Az-a bildirib ki, sosial şəbəkə seqmentlərində işə düzəltmək, onlayn qazanc və ya asan gəlir əldə etmək adı altında yalan vədlər verərək vətəndaşları aldadıb onların pul vəsaitini ələ keçirən şəxslər barəsində polisə məlumatlar daxil olur.

"Edilmiş müraciətlər əsasında polis əməkdaşları tərəfindən həmin şəxslərin müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur. Bir daha vətəndaşlara naməlum nömrələrdən gələn zəng və mesajlara inanmamağı, internet üzərindən edilən cəlbedici təkliflərə və şirnikləndirici vədlərə qarşı diqqətli olmağı, şəxsi və bank kartı məlumatlarını heç kimlə bölüşməməyi tövsiyə edirik."

Elvin Səxavətoğlu
Day.Az

Chosen
145
day.az

1Sources