EN

Bu ərazidə qırılan ağacların yerində obyekt tikməyi düşünürlər ŞƏRH

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

"Meşələrin və ağacların qırılması, onların yerinə yenilərinin əkilməməsi ətraf mühitə ciddi zərər vurur. Ağaclar atmosferi oksigenlə təmin edir və bu, təkcə insanlar üçün deyil, bütün canlılar və təbii proseslər üçün həyati əhəmiyyət daşıyır. Oksigenin azalması həm insan sağlamlığına, həm də ekosistemə mənfi təsir göstərir. Bu baxımdan ağacların kəsilməsi qəbuledilməzdir".Bu sözləri Demokrat.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib. "Xüsusilə son illər bəzi ərazilərdə ağacların kütləvi şəkildə qırılması və yerində obyektlərin tikilməsi narahatlıq doğurur. Halbuki bir ağac ildə təxminən 100 kiloqrama yaxın oksigen istehsal edir və 50–60 kiloqram karbon qazını udur. Beş altı ağacın verdiyi oksigen bir insanın illik tələbatına bərabərdir. Bir ağacın məhv edilməsi oksigenin azalmasına, xəstəliklərin və zərərli bioloji proseslərin artmasına şərait yaradır".O bildirib ki, Biləcəridə və digər ərazilərdə kəsilmiş ağacların bərpa olunması vacibdir:"Söhbət birbaşa insanların sağlamlığından gedir. Bakı şəhərinin müxtəlif hissələrində, o cümlədən Neftçilər metrosu ətrafında, Ayna Sultanova heykəli yaxınlığında, eləcə də bəzi qəsəbələrdə zamanında geniş yaşıllıq sahələri məhv edilib. Məhv edildikdən sonra onların yerində obyektlər tikilib. Bu proses şəhərdə onsuz da məhdud olan oksigen balansını daha da zəiflədir.Ağacların qorunması qanunvericiliklə də tənzimlənir. Ağac kəsilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi rəyi tələb olunur. Bu razılıq olmadan ağacların kəsilməsi inzibati və hətta cinayət məsuliyyəti yarada bilər. Ümid edilir ki, aidiyyəti qurumlar bu məsələyə ciddi nəzarət edəcək və lazımi tədbirlər görüləcək".Qeyd edək ki, Biləcəri qəsəbəsi Xurşidbanu Natavan küçəsində yerləşən ərazidəki meşə məhv olmaq təhlükəsi ilə üz-üzədir.Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
35
demokrat.az

1Sources