EN

Çexiya prezidentindən SENSASİON AÇIQLAMA: Ukrayna ağır qərarlar verməli olacaq

Çexiya prezidenti Petr Pavel Rusiya–Ukrayna müharibəsinin dayandırılması ilə bağlı açıqlamasında bildirib ki, sülhə nail olmaq üçün Ukraynanın çətin və ağrılı kompromislərə getməsi qaçılmaz görünür.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, hazırkı mərhələdə bu münaqişənin həlli ABŞ-ın iştirakı olmadan mümkün deyil.

Pavel etiraf edib ki, Avropa üçün əsas söz sahibinin ABŞ olması asan qəbul edilən məsələ deyil. Bununla belə, o vurğulayıb ki, bu fakt Avropa ölkələrinin prosesdən kənarda qalması anlamına gəlməməlidir.

“Bu vəziyyət Avropa üçün ağrılıdır, çünki əsas rol yenə də Vaşinqtona məxsusdur. Amma bu, Avropanın və ayrı-ayrı Avropa dövlətlərinin sülh səylərində passiv qalmalı olduğu demək deyil”, – deyə Çexiya lideri qeyd edib.

Prezidentin fikrincə, mümkün sülh razılaşması çərçivəsində Ukrayna müəyyən ciddi güzəştlərə hazır olmalıdır. O bildirib ki, rəsmi Kiyev bu cür addımları yalnız müharibənin real şəkildə başa çatacağına əmin olduğu halda ata bilər.

“İstənilən sülh planında çətin qərarlar və ağrılı güzəştlər var. Mən düşünürəm ki, Ukrayna bu addımları atmağa məcbur qalacaq və əgər bu, davamlı sülhə gətirib çıxaracaqsa, buna hazırdır”, – deyə Pavel vurğulayıb.

Bununla yanaşı, Çexiya prezidenti Avropanın üzərinə düşən məsuliyyəti də xüsusi qeyd edib. Onun sözlərinə görə, Avropa ölkələri sülh sazişi ilə bağlı aparılan danışıqlar və hazırlanmış sənədlərin nəticəsiz qalmaması üçün bütün imkanlarını səfərbər etməlidir.

Pavel hesab edir ki, yalnız koordinasiyalı beynəlxalq səylər və real kompromislər müharibənin dayandırılmasına və uzunmüddətli sabitliyə yol aça bilər.

Chosen
127
nocomment.az

1Sources