ABŞ Prezidenti Donald Tramp İrandakı etirazlar zamanı baş verən itkilərə görə onu günahlandıran Ayətullah Əli Xamaneyiyə kəskin etiraz edib. Tramp Xamaneyini hədəf alaraq bildirib ki, İranın artıq "yeni bir liderliyə" ehtiyacı var.
Milli.Az xəbər verir ki, "Politico" nəşrinə müsahibə verən Tramp Xamaneyinin ittihamlarını rədd edərək onun haqqında ağır ifadələr işlədib.
Tramp bildirib ki, ölkədəki zorakılığın əsl səbəbkarı Xamaneyinin özüdür.
"Xamaneyi xəstə bir adamdır. O, ölkəsini düzgün idarə etməli və insanları öldürməyi dayandırmalıdır. İran pis rəhbərlik ucbatından dünyanın yaşamaq üçün ən pis ölkələrindən birinə çevrilib", - deyə ABŞ Prezidenti vurğulayıb.
Tramp İran rəhbərliyini ölkəni dağıtmaqda ittiham edib. O, qeyd edib ki, bir ölkə lideri olaraq Xamaneyi "əvvəllər görünməmiş səviyyədə zorakılıq tətbiq etməkdə" günahkardır.
Bu qarşılıqlı söz savaşı Xamaneyinin bir neçə saat əvvəl etdiyi çıxışdan sonra başlayıb. Xamaneyi etirazlarda minlərlə insanın öldüyünü etiraf etsə də, buna görə birbaşa ABŞ və İsraili, xüsusən də Donald Trampı günahlandırmışdı.
Trampın çıxışında ən diqqət çəkən məqam İranın mövcud idarəetmə sisteminin dəyişməli olduğunu bildirməsidir. O, liderliyin qorxu və ölüm yox, hörmət üzərində qurulmalı olduğunu qeyd edib.
Lalə Qüdrətova
Milli.Az