EN

Meşə yanğınları can alır

Çilinin cənubunda 17 yanvardan bu yana davam edən meşə yanğınları nəticəsində 18 nəfər həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, Çili Prezidenti Qabriel Borik verdiyi açıqlamada ölkənin cənubunda yerləşən Nyuble və Biobio bölgələrində davam edən meşə yanğınlarına görə fövqəladə vəziyyət elan edildiyini bildirib.

Dövlətin bütün imkanlarının səfərbər edildiyini deyən Borik “Bu günə qədər 18 nəfərin öldüyü təsdiqlənib, lakin təəssüf ki, bu rəqəmin artacağını düşünürük. Çətin günlər yaşayırıq, xüsusilə Penco şəhərində və Tome bölgəsinin bəzi hissələrində vəziyyət kritikdir”, – deyə qeyd edib.

Borik əlverişsiz hava şəraitinə görə yanğınların qısa müddətdə söndürülməsinin çətin olduğunu vurğulayaraq bildirib: 

“Belə fövqəladə hallarda əsas prioritet hər zaman yanğınla mübarizə aparmaq və onu söndürməkdir. Ancaq heç vaxt unutmamalıyıq ki, burada əziyyət çəkən ailələr var, humanitar faciələr yaşanır və biz onların yanında olmalıyıq”.

Biobio bölgəsində indiyədək 300 evin tamamilə yandığını bildirən Borik zərərçəkənlərə dəstək göstərilməsi və yanğının daha geniş ərazilərə yayılmasının qarşısının alınması üçün bütün qüvvələrin çalışdığını deyib.

Yerli mətbuatın məlumatına görə, müxtəlif ərazilərdə davam edən yanğınlar indiyədək 18 min hektar sahənin külə dönməsinə səbəb olub.

Qeyd edək ki, Çilidə meşə yanğınları ilə bağlı ən böyük faciə 2024-cü ilin fevralında Valparaiso bölgəsində yaşanmış, həmin vaxt baş verən yanğınlar nəticəsində 136 nəfər həyatını itirmişdi.

Chosen
126
cebheinfo.az

1Sources