Cəhənnəm quyusundayam. Keçirdiyim şokdan sonra nə vaxt toparlana biləcəyimi hələ də bilmirəm. Yanvarın 14-də, səhər saat 7-də “Liv Bona Dea” xəstəxanasına planlı açıq ginekoloji əməliyyat üçün gəldik. Ödənişdən sonra, saat 7:30-da personalın tələbi ilə Şahbaz bəydən (həyat yoldaşı, naşir Şahbaz Xuduoğlu - red.) 1-ci mərtəbədə, liftin qarşısında ayrıldım və onu bir daha yalnız saat 15:00-da yarıcan vəziyyətimdə gördüm.
Publika.az xəbər verir ki, bu sözləri “Əli və Nino” şəbəkəsinin sahibi Nigar Köçərli “Facebook” səhifəsindəqeyd edib.
O bildirib ki, əməliyyatdan sonra ayılanda dəhşətli ağrı hiss edib:
“Həyatımda keçirdiyim ilk əməliyyat deyildi. Üstəlik, yetkin bir insan kimi bilirəm ki, əməliyyatdan sonra ağrı olur, olmalıdır da. Amma bu ağrı o ağrı deyildi. “Çox pisəm, xahiş edirəm, əlavə anesteziya vurun”, – dedim.
Əvvəl bir tibb bacısı “kapelnitsa” qoymaq üçün yaxınlaşdı. Əlindəki qabı yaramın üstünə atdı. Ağrıdan “Axı siz nə edirsiniz?” deyə qışqırdım.