EN

Xalq Çalğı Alətləri Orkestri hər zaman klassik ənənələrə sadiqliyi əsas prinsip kimi qoruyur

Bakı, 19 yanvar, AZƏRTAC

Bu il Beynəlxalq Muğam Mərkəzinin nəzdindəki Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin 95 illiyi qeyd olunacaq. Bu münasibətilə yeni konsert proqramları hazırlanır. Sözügedən proqramlar çərçivəsində həm kollektivin zəngin və özünəməxsus repertuarının genişləndirilməsi, həm də Azərbaycan musiqisinin ölkə daxilində və beynəlxalq səviyyədə təbliğinin daha da gücləndirilməsi nəzərdə tutulur.

Bunu AZƏRTAC-a açıqlamasında orkestrin bədii rəhbəri və baş dirijoru, Prezident mükafatçısı, tarzən və dirijor Mustafa Aşurov deyib.

O vurğulayıb ki, orkestr yeniliklərə açıq olsa da, hər zaman klassik ənənələrə sadiqliyi əsas prinsip kimi qoruyur: "Konsert proqramlarında görkəmli bəstəkarların Xalq Çalğı Alətləri Orkestri üçün yazdığı klassik əsərlər xüsusi yer tutur. Yeni işləmələr və aranjemanlar hazırlanarkən alınan təhsil, toplanmış təcrübə və milli musiqi ənənələri əsas götürülür. Çünki savadlı yanaşma olmadan edilən yeniliklər musiqidə bayağılığa gətirib çıxara bilər. Bu baxımdan kollektiv klassika ilə müasir yanaşma arasında düzgün tarazlığı qorumağa çalışır”.

Chosen
162
azertag.az

1Sources