EN

Tarixi Zəfərimiz təsadüfi olmadı - Qulamhüseyn Əlibəyli

Yazını böyüt
Yazını kiçilt

1990-cı il sovet rus kalaşnikovlarının, tanklarının Bakıda törətdiyi 20 yanvar qırğınından 36-cı il keçir. Otuz il sonra 20 yanvar hadisəsinə 44 günlük vətən müharibəsindən baxsaq, öz azadlığı uğrunda ayağa qalxan bu xalqın 2020 ci ildə qazandığımız Zəfərə doğru asan yol keçmədi.

Bu istiqamətdə Hafta.az-a müsahibə verən siyasi şərhçi, hüquqşünas Qulamhüseyn Əlibəyli mühüm detallara diqqət çəkib.

- Azərbaycan xalqı, dövləti 1990-cı ildə əliyalın işğalçı rus qoşunlarının qarşısına çıxraq millətin gələcəyi üçün hansı yol xəritəsini cızmış oldu?

- 20 Yanvara hadisələrinə 44 günlük Vətən müharibəsi və bir günlük antiterror əməliyyatı kontekstindən baxsaq, tarixi Zəfərimizin təsadüfi olmadığı qənaətinə gələ bilərik. 1990-cı il 20 yanvardan 2020-ci il Zəfərinə gedən yol xəritəsini belə təsəvvür etmək olar.

20 Yanvar  Azərbaycan xalqının milli kimliyini təsdiq edən, milli iradəsini ortaya qoyan bir qəhrəmanlıq tarixi idi. 20 yanvar Azərbaycan xalqının SSRİ kimi nəhəng və qaniçən bir imperiya qarşısında sınmaması, imperiyanın hərb maşını qarşısında geri çəkilməməsi idi.

2020-ci il Zəfərinə gedən yol isə daha əvvəl başlamışdı. Ermənilərin növbəti ərazi iddiaları Azərbaycan xalqının  səbrini daşırdı və onu ayağa qaldırdı. Dinc etirazçıların rus ordusu tərəfindən gülləboran ediməsi, Bakıda, Gəncədə, Lənkəranda və digər yerlərdə törətdiyi qırğınlar  xalqın azadlıq istəyini boğmaq məqsədi daşısa da, əksinə oldu. Azərbaycan xalqı 20 yanvardan milli kimliyini dərk etmiş, bütovləşmiş, milli iradəsini ortaya qoymuş şəkildə çıxdı. 20 Yanvar göstərdi ki, Azərbaycan xalqı artıq SSRİ rəsmilərinin qələmə vermək istədiyi kimi, başıpozuq bir kütlə deyil, öz taleyinin sahibi olmaq istəyən bir toplumdur. Bu tarix təkcə Azərbaycanda deyil, bütövlükdə sovet məkanında imperiya qorxusunu sındırdı və sarsıtdı, SSRİ-nin dağılmasını başlanğıcı oldu və Azərbaycanın müstəqilliyinin əsasını qoydu.

- 20 Yanvar hadisəsi qlobal dünyada gedən hansı prosesin nəticəsi idi və sovet Rusiyasına regionda hansı imkanları yaratmış oldu; Qərbə nə verdi və beynəlxalq hüquq bu cinayəti niyə susqunluqla qarşıladı?

- 20 Yanvar ərəfəsi beynəlxalq miqyasda çox ciddi qlobal geosiyasi proseslər gedirdi. Bu proseslər ilk növbədə 2-ci dünya müharibəsindən sonra formalaşmış ikiqütüblü dünya nizamının dizayn edilməsi, soyuq müharibə dövrünün sonlanması və sosialist sisteminin çökmısi ilə əlaqədar idi. Artıq SSRİ-ABŞ qarşıdurmasına əsaslanan soyuq müharibə sona çatmaq üzrə idi. Dünya tədricən ABŞ-ın hegemonluğuna əsaslanan bir qütblü sistemə doğru gedirdi. Həm də bu hegemonluq bugünkü kimi kobud güc tətbiqi və ya güc tətbiqi hədəsi ilə deyil, demokratiya, insan hüquqları, qanunun aliliyi, xalqların öz müqəddəratını təyin etmək hüququnun real məzmun kəsb etməsi kimi ideyaların yayılması və dəstəklənməsi ilə müşaiyət olunurdu.

Digər tərəfdən, SSRİ-nin və sosialist sisteminin çökdürülməsi prosesi son mərhələyə keçmişdi. Artıq Şərqi Avropada sosialist rejimləri süqut etmişdi. Baltikyanı ölkələrdə, Qafqazda, Mərkəzi Asiyada milli azadlıq hərəkatlarının güclənirdi, sovet respublikalarının müstəqilliyi və suverenliyi barədə tələblər irəli sürülürdü. Litva, latviya və Estoniya öz suverenliklərini elan etmişdi, Azərbaycanda Xalq Cəbhəsinin təkidi və təzyiqi ilə suverenlik haqqında Konstitusiya qanunu qəbul edilmişdi. Keçmiş SSRİ rəhbərliyi isə sovet sistemini ordunun vasitəsilə saxlamaq istəyirdi. 1988-ci il dekabrın 5-də Bakıda 2 həftə davam edən etiraz nümayişlərin zorla dağıdılması, 1989-cu il aprelin 9-da Tbilisidə  dinc nümayişçilərin üzərinə Daxili Qoşunların və ordu bölmələrinin yeridildilməsi və nəticədə insanların həlak olmasını xatırlamaq kifayətdir. 20 Yanvar isə bu zorakılığın külminasiyası idi.

Bütövlükdə, 20 yanvar ikiqütblü dünya nizamının dizayn edilməsi, sosialist sisteminin çökməsi ilə müşaiyət olunan qlobal geosiyasi proseslərin bir hissəsi idi.

Son nəticədə 20 Yanvar SSRİ-ni qoruyub saxlaya bilmədi. Əksinə, SSRİ-nin sonunun başlanğıcı oldu, onu siyasi və mənəvi cəhətdən tam sarsıtdı, Azərbaycan xalqında müstəqillik iradəsini qəti şəkildə formalaşdırdı. Lakin Rusiya Azərbaycan və bütün Qafqaz üzərində hərbi-siyasi nəzarət müvəqqəti bərpa edə, hərbi iştirakını müvəqqəti olaraq uzada bildi, nəticədə Azərbaycan ərazilərinin 20 faizi  rus ordusunun köməyi ilə Ermənistan tərəfindən işğal olunduı və bu işğal təxminən 30 il davam etsə də sonda möhtəşəm Zəfərlə yekunlaşdı

20 yanvar Qərbə öz əsas rəqibi qarşısında  müəyyən strateji üstünlüklər verdi. Qərb artıq sovet sosialist sisteminin sonunun gəlib çatdığını və bu sistemin tezliklə daxildən qəti şəkildə çökəcəyini gördü. Ona görə də proseslərə müdaxilə etmədən sovet rəhbərliyinin bu qəddar cinayətinə, azadlıq istəyən bir xalqa qarşı vəhşiliyinə susqunluqla yanaşdı, bunu ictimai asayişin bərpası kimi SSRİ-nin daxili işi hesab etdi. Əslində bu, Qərbin ikiüzlülüyü və beynəlxalq hüquqa isə həmişəki kimi ikili standartlarla yanaşdığını bir daha təsdiq etdi.

- 20 yanvar hadisəsi azadlığını istəyən, onun uğrunda mübarizə aparan xalqa, millətə nəyi öyrətmiş oldu?

- 20 Yanvar Azərbaycan xalqının milli şüurunda dönüş nöqtəsi kimi qiymətləndirilməlidir. 20 Yanvar azadlıq və müstəqillik istəyən bir xalqa bir neçə çox mühüm tarixi və mənəvi dərs öyrətdi.

İlk növbədə 20 Yanvar Azərbaycan xalqının sovet imperiyasına müqaviməti hissini daha da gücləndirdi, xalqın milli şüurunda azadlıq və müstəqillik ideyalarını möhkəmləndirdi və geri dönməz etdi. 20 Yanvar göstərdi ki, azad və müstəqil xalq olmaq üçün mübarizə aparmaq lazımdır. Azadlıq və müstəqillik xalqa elə-belə, asanlıqla verilmir, ardıcıl və birgə mübarizə nəticəsində, bəzən də qan bahasına əldə edilir.

Daha sonra 20 yanvar xalqın qan yaddaşında onun milli kimliyini möhkəmləndirdi, özünə inamını qaytardı, xalqın gücünün onun milli birliyində və həmrəyliyin olduğunu, milli birlik və həmrəyliyin xalqın mübarizəsində aparıcı rola malik olduğunu bir daha nümayiş etdirdi. 20 yanvar milli iradənin sarsılmazlığını, hər cür qorxuya qalib gəldiyini, hər hansı itki ilə barışmazlığını, xalqın iradəsinin hərbi yolla sındırmağın mümkünsüzlüyü göstərdi. 20 Yanvar həmçinin insanlara Vətən sevgisinin nə olduğunu, Vətən uğrunda can verməyin, şəhid və ya qazı olmağın müqəddəs məqam olduğunu bir daha nümayiş etdirdi.

Tahirə Qafarlı

Chosen
87
hafta.az

1Sources