EN

Azadlığa gedən yol

1990-cı il...20 Yanvar...təqvimin səhifələri vərəqləndikcə aylar aylara qovuşur, illər illərə. Lakin bu tarix – 20 Yanvar hər birimizin qəlbində özünə əbədi bir yer tapır, Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxaraq tarixə çevrilir.

70 ildən artıq Sovet imperiyası əsarətində yaşayan, azadlıq arzusu ilə daim alovlanan, müstəqilliyə can atan Azərbaycan xalqı tarixin müxtəlif çağlarında müstəmləkə rejiminə qarşı daima özünün haqq səsini ucaltmışdır. 80-ci illərin ikinci yarısından başlayan milli demokratik proses Qarabağ uğrunda mübarizə dalğasını daha da kəskinləşdirdi və sürətləndirdi.

Məkrli, xain qonşumuz Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, “Qondarma Dağlıq Qarabağ” problemi və eləcə də Azərbaycanın dilbər güşəsi Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi tələbi ilə çıxış etməsi Azərbaycanın bu illərdəki ictimai və siyasi həyatını təlatümə gətirdi. Erməni millətçilərinin bu mənfur ideyalarını əks edən Z.Balayanın “Ocaq” kitabı Azərbaycan xalqının haqlı olaraq qəzəbinə səbəb oldu. Azərbaycan xalqı ayağa qalxaraq öz etiraz səsini ucaltdı. Lakin Ermənistanı dəstəkləyən Moskva ulu bir xalqın qəzəb və etirazlarına birmənalı rəy verdi, onun haqq səsini müdafiə etmədi.

Azadlıq meydanına toplaşmış xalq isə öz tələblərinin yerinə yetirilməsini kəskin, qəti şəkildə bildirdi. Məhz buna görə də, 90-cı illərdə bir yumruğa dönən azərbaycanlıların bu hərəkatı daha da gücləndi və qarşısı alınmaz oldu. Ona görə də, Mixail Qorbaçovun əmri ilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq olunmadan Azərbaycan xalqı təpədən dirnağadək ən müasir silahlarla silahlanmış sovet ordusunun təcavüzünə məruz qaldı. Azərbaycanın döyünən ürəyi Bakıda, eləcə də Azərbaycanın digər şəhər və bölgələrində çinar boylu igidlərimiz bir anda biçilib qana boyandılar. Azərbaycanın paytaxtı Bakı şəhərinə qoşun yeridilməsi, dinc əhaliyə tarixdə görünməmiş vəhşiliklə divan tutulması xalqımızı hiddətləndirdi. Bakıda törədilmiş qanlı qırgından istifadə edən Ermənistanın təcavüzkar qüvvələri elə həmin gün - yanvarın 20-də qədim Naxçıvan torpağına hücum etdi. Lakin xalqımızın mətin igidləri sinələrini sipər edərək düşmənə layiqli cavab verdi, düşmən geri oturduldu. Muxtar respublikamızın ərazisində yerləşən sovet silahlı qüvvələrinin yalnız seyrçi mövqedə dayanması haqlı olaraq xalqın qəzəbinə səbəb oldu. Naxçıvan Muxtar Respublikasının Sovet İttifaqı tərkibindən çıxması haqqında qərar qəbul edildi.

20 Yanvar hadisələrindən dərhal sonra o zaman Moskvada çətin şəraitdə yaşayan ümummilli liderimiz Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək M.Qorbaçovun Bakıya qoşun yeritməsini və burada qırğınlar törədilməsini lənətlədi, günahkarların dərhal cəzalandırılmasını tələb etdi.

1991-ci ilin avqustunda SSRİ faktiki olaraq dağıldı- Sovetrejimi və sistemi, həm də onun “çürüməkdə olan” ideologiyası iflasa uğradı. Elə həmin il - 1991-ci il oktyabrın 18-də Azərbaycan öz müstəqilliyini elan etdi. Lakin Bakıda törədilmiş qanlı qırğının təşkilatçıları və səbəbkarlarına heç bir cəza verilmədi. Hətta 20 yanvar 1990-cı il faciəsi öz həqiqi siyasi qiymətini almadı.

1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti seçildi. Öz işi və əməlləri ilə xalqın inamını qazanan, bütün qüvvə və bacarığını xalqına – Vətəninə sərf edən ümummilli liderimiz Heydər Əliyevin polad iradəsi, gərgin əməyi, dərin düşüncəsi və uzaqgörən zəkası ilə 20 Yanvar 1990-cı il faciəsinə siyasi-hüquqi qiymət verildi, bu hadisənin əsl müqəssirləri haqqında qəti hökm çıxarıldı. Şəhidlərimizin uyuduğu Dağüstü park – “Şəhidlər xiyabanı” dövlət səviyyəsində abadlaşdırıldı, müqəddəs and yerimizə, ibadətgahımıza çevrildi.

Beynəlxalq vəziyyətin mürəkkəbliyinə, ölkə daxilindəki iqtisadi çətinliklərə baxmayaraq, öz dövlət müstəqilliyini möhkəmləndirən, demokratik islahatlar yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasının haqq səsi bu gün dünyanın ən qüdrətli dövlətləri tərəfindən, BMT-dən, Avropa şurasının xitabət kürsüsündən eşidilir. Bu gün Azərbaycanın iqtisadi qüdrəti və gücü durmadan yüksəlir. Regionda aparılan beynəlxalq əhəmiyyətli işlər Azərbaycanın iştirakı olmadan yerinə yetirilə bilmir. Bu isə Azərbaycanın iqtisadi və siyasi qüdrətinin yüksəlməsini göstərən əsas amillərdən biridir. Siyasət aləmində Azərbaycanın nüfuzunun durmadan artması Azərbaycan Respublikasının Ermənistan üzərində tarixi qələbəsini reallaşdırdı.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Qalib Xalqın Qalib Lideri cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun 2020-ci il tarixli Zəfərindən sonra Ermənistan silahlı qüvvələri öz havadarlarının köməyi ilə zəbt etdikləri torpaqlarımızdan çıxarıldı.

Bu gün Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib, üçrəngli bayrağımız işğaldan azad olunmuş Şuşada, Xankəndində, Xocalıda, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Zəngilanda, Ağdərədə, Xocavənddə, Cəbrayılda, Qubadlıda qürurla dalğalanır. Məcburi köçkünlərimiz öz ata-baba torpaqlarına qayıdır. Azadlığımız, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda öz canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidlərimizin ruhu azad torpaqlarımızda dolaşır.

İllər bir-birini əvəz etsə də, şəhidlik zirvəsinə yüksələn azadlıq bahadırlarının müqəddəs əməlləri bizim üçün bir örnək olaraq yaşayacaq. Əsrlər keçsə də, Azərbaycan xalqı öz şəhid övladlarını – azadlıq, torpaq, vətən uğrunda əbədiyyətə qovuşmuş şəhidlərini unutmayacaq, onların müqəddəs və əziz xatirəsi önündə baş əyəcək, həmişə onları yad edəcəkdir.

Ədalət ƏHMƏDOV,

YAP Culfa rayon təşkilatının fəal üzvü,

Dizə kənd ərazi partiya təşkilatının sədri

Chosen
137
33
herbiand.az

10Sources