EN

ŞOK! Ölkəyə donuz ətindən hazırlanmış ərzaq unu gətirilib 

Ötən ilin ilk 10 ayı ərzində Azərbaycana xarici ölkələrdən təxminən 50 kiloqram donuz əti və sümüyündən hazırlanan ərzaq ununun idxal edilməsi cəmiyyətdə suallar doğurub. Paralel.az-ın yaydığı məlumata görə, bu məhsulun bir kiloqramının orta gömrük dəyəri 21,4 ABŞ dolları, yəni təxminən 36,4 manat təşkil edib. Statistik göstəricilər onu deməyə əsas verir ki, söhbət kütləvi idxaldan yox, daha çox spesifik təyinatlı və məhdud istifadə sahəsi olan məhsuldan gedir. Bununla belə, Azərbaycan kimi müsəlman ölkəsində donuz mənşəli ərzaq məhsulunun idxalı məsələsi həm dini, həm də istehlakçı hüquqları baxımından müzakirə mövzusuna çevrilib.

Rəsmi məlumatlara əsasən, sözügedən məhsul ötən ilin ilk 10 ayında dörd ölkədən Azərbaycana gətirilib. İdxalın təxminən 10 kiloqramı Birləşmiş Ərəb Əmirliklərinin payına düşüb və bu məhsulun bir kiloqramının gömrük dəyəri 3 dollar olub. Almaniyadan idxal edilən təxminən 30 kiloqram məhsulun bir kiloqramı 26,7 dollara başa gəlib. İtaliyadan və Portuqaliyadan isə hər birindən təxminən 10 kiloqram olmaqla, müvafiq olaraq 11 və 13 dollar gömrük dəyəri ilə ərzaq unu gətirilib. Xüsusilə Birləşmiş Ərəb Əmirlikləri kimi müsəlman ölkəsindən donuz mənşəli məhsulun ixrac edilməsi diqqət çəkən məqamlar sırasındadır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a Azərbaycan İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu cür məhsulların idxalı qanunvericilik baxımından qadağan olunmayıb, lakin onların bazarda dövriyyəsi və istehlakçıya təqdimatı ciddi nəzarət tələb edir:

“Azərbaycan dünyəvi dövlətdir və qanunvericilikdə donuz mənşəli məhsulların idxalına birbaşa qadağa yoxdur, amma bu, həmin məhsulların adi ərzaq kimi təqdim edilə biləcəyi anlamına gəlmir. Donuz əti və sümüyündən hazırlanan ərzaq unu əsasən heyvan yemi, texnoloji əlavələr və ya xüsusi sənaye məqsədləri üçün istifadə oluna bilər və bu zaman məhsulun təyinatı açıq şəkildə sənədlərdə göstərilməlidir”.

AİB sədri xüsusilə istehlakçıların məlumatlandırılması məsələsinə diqqət çəkib. Onun fikrincə, belə məhsulların qida sənayesində istifadəsi halında etiketləmə tələbləri maksimum dərəcədə şəffaf olmalı, tərkibində donuz mənşəli komponentlərin olduğu açıq və oxunaqlı şəkildə qeyd edilməlidir:

“Azərbaycan əhalisinin böyük əksəriyyəti müsəlmandır və dini baxımdan donuz məhsullarından istifadə etmirlər. Ona görə də istehlakçının aldadılması və ya məlumatdan kənarda qalması yolverilməzdir. Əgər bu un hər hansı ərzaq məhsulunun istehsalında istifadə olunursa, bu, mütləq şəkildə qablaşdırmada göstərilməlidir”.

Birləşmiş Ərəb Əmirliklərindən idxal faktına münasibət bildirən Eyyub Hüseynov bunun ziddiyyətli görünə biləcəyini desə də, izah edib ki, həmin ölkələrdə də qeyri-müsəlman əhali üçün donuz məhsullarının istehsalı və ixracı mümkündür və bu, beynəlxalq ticarət qaydaları çərçivəsində həyata keçirilir:

“Əsas məsələ məhsulun hansı məqsədlə gətirilməsi və son istifadə nöqtəsidir. Əgər bu cür məhsullar qida təhlükəsizliyi və istehlakçı hüquqları normalarına uyğun şəkildə, yalnız təyinatı üzrə istifadə olunursa, hüquqi problem yaranmır. Aidiyyəti qurumlar bu tip idxal məhsullarına daha həssas yanaşmalı, onların ölkə daxilində hansı sahələrdə və necə istifadə olunduğunu ciddi şəkildə izləməlidir. Çünki məsələ təkcə dini baxımdan deyil, eyni zamanda istehlakçı etimadı və bazarda şəffaflıq baxımından da əhəmiyyətlidir. Açıq və dolğun məlumat verilməsi bu kimi mövzular ətrafında yaranan narahatlıqları da azalda bilər”.

Tunar

Chosen
60
nocomment.az

1Sources