EN

İranda müharibə başlasa, Azərbaycan oradakı soydaşlarımızı qəbul edəcəkmi? – YENİ MƏQAMLAR

“İranda mümkün hərbi qarşıdurma ssenarisi müzakirə edilərkən bu məsələyə emosional deyil, dövlətçilik və regional məsuliyyət prizmasından yanaşmaq vacibdir. Azərbaycan dövləti indiyədək bütün beynəlxalq proseslərdə olduğu kimi, bu halda da balanslı, ölçülüb-biçilmiş və beynəlxalq hüquqa söykənən mövqe sərgiləyəcək”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev səsləndirib.

“Rəsmi Bakının mövqeyi ilk növbədə İranın ərazi bütövlüyünə hörmət prinsipinə əsaslanacaq. Azərbaycan regionda yeni gərginlik ocaqlarının yaranmasında maraqlı deyil və heç bir halda başqa dövlətin daxili proseslərinə müdaxilə edən tərəf kimi çıxış etməz. Bununla yanaşı, müharibənin mülki əhali üçün yaratdığı humanitar risklər diqqət mərkəzində saxlanılacaq və bu məsələ beynəlxalq platformalarda qaldırılacaq Əgər təhlükəsizlik baxımından real təhdid yaranarsa və İranda yaşayan azərbaycanlı əhalinin bir qismi müvəqqəti olaraq ölkəni tərk etmək məcburiyyətində qalarsa, Azərbaycan dövləti humanitar məsuliyyətdən kənarda olmayacaq. Burada söhbət kütləvi miqrasiyadan yox, məhdud və nəzarətli humanitar mexanizmlərin işə salınmasından gedə bilər. Qadınlar, uşaqlar və yaşlı şəxslər kimi həssas qruplara prioritet verilməsi tamamilə məntiqli və beynəlxalq təcrübəyə uyğun addım olar bilər”.

Politoloqun sözlərinə görə, Azərbaycan rəhbərliyi bu məsələdə təhlükəsizlik və dövlət maraqlarını ön planda saxlayacaq:

“Kütləvi və nəzarətsiz köç nə Azərbaycanın iqtisadi imkanlarına, nə də regional sabitliyə xidmət edir. Unutmaq olmaz ki, İranda milyonlarla azərbaycanlı yaşayır və belə bir prosesin idarəsiz şəkildə inkişafı ciddi fəsadlara yol aça bilər. Məhz buna görə də rəsmi Bakı emosional çağırışlardan uzaq duraraq, prosesə yalnız institusional və hüquqi çərçivədə yanaşacaq. Bu kontekstdə beynəlxalq təşkilatlarla əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan artıq dəfələrlə humanitar təşəbbüslərdə etibarlı tərəfdaş olduğunu sübuta yetirib. Potensial risklər zamanı da əsas hədəf insanların mümkün qədər öz yaşayış ərazilərində qorunması, zəruri hallarda isə müvəqqəti yardım mexanizmlərinin işə salınması olacaq. Bu, həm humanitar dəyərlərə sadiqliyin, həm də məsuliyyətli dövlət idarəçiliyinin göstəricisidir”.

Zeynal Əmrəliyev əlavə edib ki, Azərbaycan dövləti güneyli soydaşlarına münasibətdə nə biganə, nə də emosional davranacaq.

“Prezident İlham Əliyevin rəhbərliyi altında formalaşan siyasət praqmatik, milli maraqlara söykənən və regional sabitliyi əsas götürən xətt üzərində qurulub. Bu baxımdan, mümkün ssenarilərdə Bakı həm humanitar öhdəliklərini yerinə yetirəcək, həm də dövlətin təhlükəsizliyini və strateji maraqlarını qətiyyətlə qoruyacaq”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Chosen
24
2
konkret.az

3Sources