EN

Lavrov bütün dünyanı TƏHDİD ETDİ – Rusiya daha da azğınlaşdı və…

Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2026-cı ilin ilk həftələrinin “təsiredicilik baxımından bütün rekordları qıracağını” bəyan edib.

Lavrov bu fikirləri keçirdiyi mətbuat konfransında beynəlxalq vəziyyəti dəyərləndirərkən səsləndirib.

Nazirin sözlərinə görə, Rusiya tərəfi Ukrayna ətrafında vəziyyətin nizamlanması üçün heç vaxt xoş niyyət çatışmazlığı göstərməyib. O iddia edib ki, məhz Avropa dövlətləri ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı təşəbbüslərini də pozmağa çalışır və münaqişənin uzanmasında maraqlıdır.

Lavrov NATO-nun Rusiyaya qarşı real müharibəyə ciddi şəkildə hazırlaşdığını bildirib. Onun fikrincə, beynəlxalq arenada artıq əvvəlki qaydalar faktiki olaraq silinib və dünya “kim güclüdürsə, o haqlıdır” prinsipi ilə idarə olunur. Bu kontekstdə nazir Donald Trampın beynəlxalq davranış qaydalarını “müstəqil şəkildə yazmaq” xəttinin Avropa üçün ciddi sarsıntıya çevrildiyini vurğulayıb.

Sergey

Lavrov Qərb cəmiyyətinin daxilində dərinləşən böhranlı tendensiyalara da diqqət çəkib. Onun sözlərinə görə, Qrenlandiya ətrafında yaranmış mübahisələr bu daxili parçalanmanın bariz nümunəsidir. Rusiya XİN rəhbəri bildirib ki, əgər Qərb ölkələri öz aralarında “anlayışlara görə” danışmaq istəyirlərsə, bu, onların seçimidir, lakin Rusiya yalnız bərabərhüquqlu prinsiplər əsasında dialoqa hazırdır.

Lavrov Avropa liderlərinin Rusiyaya strateji məğlubiyyət yaşatmaq niyyətindən hələ də əl çəkmədiklərini iddia edib. O, həmçinin Qərbin İranda rejim dəyişikliyinə nail olmağa çalışdığını açıq şəkildə bəyan edib.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert Samir Əsədli qeyd edib ki, son illərdə baş verən geosiyasi gərginliklər artıq tək-tək böhranlar yox, bütöv bir tendensiya kimi çıxış edir və bu proseslər getdikcə daha çox “yeni soyuq müharibə” anlayışı ilə izah olunur. Yəni dünya faktiki olaraq növbəti qlobal qarşıdurma mərhələsinə daxil olub. Bu mərhələnin mərkəzində isə Ukrayna müharibəsi dayanır və o, böyük güclər arasında gedən genişmiqyaslı rəqabətin əsas simvoluna çevrilib: “Hazırkı qarşıdurmanın əsas cəbhəsində Qərb bloku ilə Rusiya üz-üzə dayanır. Bu mübarizə klassik mənada qalib və məğlub anlayışları ilə ölçülmür. Nə Qərbin, nə də Rusiyanın tam və qəti qələbə qazanmaq imkanı real görünür. Qərb Rusiyanı siyasi, iqtisadi və hərbi baxımdan sıxışdıraraq onun təsir dairəsini daraltmağa çalışır, Moskva isə postsovet məkanında və daha geniş regionda öz dominant mövqeyini qorumağa, təhlükəsizlik arxitekturasını öz maraqları çərçivəsində formalaşdırmağa can atır. Bu proses mahiyyət etibarilə hərbi zəfərdən çox, geosiyasi təsir uğrunda aparılan uzunmüddətli mübarizədir. Hazırda Qərb daha güclü iqtisadi potensiala, qabaqcıl texnologiyalara və geniş beynəlxalq dəstəyə malikdir. Rusiya isə hələ də böyük enerji ehtiyatları, ciddi hərbi imkanlar və nüvə silahı faktoru sayəsində balansı tam itirməməyə çalışır”.

Samir Əsədlinin sözlərinə görə, lakin sanksiyalar, maliyyə məhdudiyyətləri və siyasi təcrid Rusiyanın manevr imkanlarını zəiflədir və onun uzunmüddətli dayanıqlığını sual altına salır. Bu səbəbdən qarşıdurmanın taleyi təkcə cəbhədəki vəziyyətlə deyil, iqtisadi davamlılıq, daxili sabitlik, texnoloji üstünlük və beynəlxalq təsir dairəsinin qorunub saxlanması ilə müəyyən olunacaq: “Bu mənzərə fonunda qlobal sistem getdikcə daha sərt və daha riskli bir fazaya keçir. Beynəlxalq münasibətlərdə qaydalar və institutlar arxa plana keçir, onların yerini güc balansı və təzyiq siyasəti tutur. Böyük dövlətlər öz maraqlarını irəli aparmaq üçün hərbi, iqtisadi və siyasi gücdən açıq şəkildə istifadə edir ki, bu da qlobal təhlükəsizliyi daha kövrək edir. Xüsusilə böyük güclərin “strateji məğlubiyyət”, “tam sıxışdırma” və ya “rejim dəyişikliyi” kimi yanaşmaları münaqişələrin həllini deyil, onların uzanmasını stimullaşdırır. Gücdən istifadə və güc hədəsi beynəlxalq hüququ zəiflədir, kompromis imkanlarını məhdudlaşdırır və yeni böhran ocaqlarının yaranmasına şərait yaradır. Nəticə etibarilə, bu qarşıdurmanın qalibi hərbi güc nümayiş etdirən tərəf yox, uzunmüddətli sabitliyi, iqtisadi dayanıqlılığı və təhlükəsizliyi qoruya bilən aktor olacaq. Amma mövcud tendensiyalar göstərir ki, böyük dövlətlərin gücə söykənən siyasəti davam etdikcə, qlobal və regional təhlükəsizlik üçün risklər azalmaq əvəzinə daha da dərinləşəcək və ən böyük zərəri yenə də münaqişələrin birbaşa iştirakçısı olmayan ölkələr və cəmiyyətlər görəcək”.

Chosen
58
nocomment.az

1Sources