EN

Məhkəmə işdən çıxarılan fortepiano müəlliminin iddiasını təmin etdi

Ali Məhkəmədə Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Mədəniyyət Nazirliyinə və nazirliyin Bakı şəhər Mədəniyyət Baş İdarəsinə qarşı iddia ilə bağlı məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsinin 29 oktyabr 2025-ci il tarixli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən verilən kassasiya şikayəti qeyri-mümkün hesab olunub. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.
 

Qeyd: İddiaçı T.T. (adı, soyadı şərtidir) Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinə qarşı Binəqədi Rayon Məhkəməsinə müraciət edərək barəsində keçirilmiş attestasiya və işdən azad edilmə qərarlarının qanunsuz sayılmasını tələb edib. İddia ərizəsində bildirilib ki, 05 mart 2025-ci il tarixdə attestasiya komissiyası tərəfindən iddiaçı ilə bağlı “tutduğu vəzifəyə uyğun deyil” məzmunlu qərar qəbul olunub. T.T. həmin qərarın qanunauyğunluğunun və əsaslılığının müəyyən edilməsini, qərarın və attestasiyanın nəticələrinin qanunsuz hesab edilərək ləğv edilməsini, attestasiya vərəqəsinin etibarsız sayılmasını xahiş edib.


Bununla yanaşı, iddiaçı Binəqədi rayonu Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin əmək müqaviləsinə xitam verilməsi barədə 01 aprel 2025-ci il tarixli əmrinin qanunsuz hesab edilməsini və ləğv olunmasını, əvvəlki iş yerinə – sözügedən məktəbdə fortepiano ixtisası üzrə müəllim vəzifəsinə bərpa edilməsini tələb edib. İddia ərizəsində həmçinin əmək müqaviləsinə xitam verildiyi 03 aprel 2025-ci il tarixdən etibarən işə faktiki bərpa olunacağı günədək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, işdən azad edilmə ilə bağlı ona vurulduğu iddia edilən mənəvi zərərə görə 20 min manat məbləğində kompensasiya verilməsi də istənilib.


İddiaçı əlavə olaraq vəzifəli şəxslərin işə laqeyd münasibəti nəticəsində xidməti vəzifələrini yerinə yetirməməsi və ya lazımi qaydada icra etməməsi səbəbindən hüquqlarına mühüm zərər vurulması, habelə vəzifə səlahiyyətlərinin aşılması hallarının araşdırılmasını, əmələ hüquqi qiymət verilməsini və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini də tələb edib.


Binəqədi Rayon Məhkəməsi işə baxaraq 31 iyul 2025-ci il tarixli qətnamə qəbul edib. Məhkəmənin qətnaməsi ilə iddia tələbi qismən təmin olunub. Qərara əsasən, Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə 01 aprel 2025-ci il tarixli əmri ləğv edilib, iddiaçı həmin məktəbdə fortepiano müəllimi vəzifəsinə bərpa olunub. Həmçinin iddiaçıya 03 aprel 2025-ci il tarixdən işə faktiki bərpa ediləcəyi günədək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi qərara alınıb. Bununla yanaşı, iddia tələbinin “iddiaçının əvvəlki iş yerinə və vəzifəsinə müddətsiz əmək müqaviləsi bağlanmaqla bərpa olunması” hissəsi təmin edilməyib.


Qeyd olunan qətnamədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs – Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsi işə baxaraq 29 oktyabr 2025-ci il tarixli qətnamə ilə apellyasiya şikayətini təmin etməyib. Apellyasiya instansiyası məhkəməsi Binəqədi Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlayıb.


Daha sonra Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs – Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən kassasiya şikayəti verilib. Kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməsinə göndərilib.

Kamal Məmmədov 

Tarix: 21 Yanvar 2026, 08:05   
Chosen
57
pravda.az

1Sources