EN

Ölkəmiz üçün regionda sabitlik və sülh ən böyük sərvətdir    

Ənənəvi Davos İqtisadi Forumu 50 ildən çoxdur keçirilir. Foruma dünya liderləri, nüfuzlu şirkətlərin rəhbərləri qatılır. Builki Davos İqtisadi Forumunda müzakirələr postpandemiya dövründə yaranmış vəziyyət, problemlərdən çıxış yolları, iqtisadiyyatın şaxələndirilməsi və inkişafıdır. Bu Forum Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Azərbaycanın siyasi və iqtisadi siyasəti barədə bütün həqiqətləri bu forumda iştirak edən nüfuzlu şəxslərə çatdırır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forum çərçivəsində dünyanın ən nüfuzlu liderləri, aparıcı şirkətlərin rəhbərləri ilə görüşüb, dünyanın aparıcı informasiya vasitələrindən biri olan “Euronews” televiziyasına  müsahibə verib.

Qeyd edilib ki, hazırda ölkələr  artıq beynəlxalq hüquq normalarının dünya ictimaiyyətinin bütün üzvləri üçün mütləq görünmədiyi vəziyyətlə üzləşiblər. Bu gün Azərbaycanın atdığı hər bir addım, gördüyü hər bir iş – istər siyasi inkişaf, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğundur. Prezident İlham Əliyevin müsahibəsində bildirdiyi kimi: “Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik”. Günümüzün reallığı ondan ibarətdir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır. Buna görə də ölkələrin hər biri mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Ölkə başçısı cənab İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycan məhz buna nail olmuşdur.

Müxbirin Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyıcısı  “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi ilə bağlı sualına toxunan ölkə başçısı belə nüfuzlu mükafatı almağın onun üçün şərəf olduğunu və bu mükafatın otuz ildən artıq bir müddət ərzində qanlı münaqişə və müharibədən sonra  Qafqazda sülhün qurulması səylərinə verilən qiymət olduğunu bildirib. Qeyd edilib ki, bu gün Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur.    Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Azərbaycan Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırıb. Bundan əlavə, Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlanılıb. Ölkə başçısının dediyi kimi: “Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur”.

Prezident İlham Əliyev öz müsahibəsində yaxın qonşumuz olan İranla münasibətlərə toxunub. Qeyd edilib ki, “Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir. Azərbaycana gəldikdə, bizdə ölkə daxilində potensial risklər mövcud deyil. Bütün potensial risklər kənardan qaynaqlana bilər. Bu səbəbdən biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük. Biz İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq. Bizim üçün regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. Biz işğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur”.

Bu gün enerji bazarlarında neftin qiyməti sabitdir və bu ölkəmiz üçün məqbul səviyyədədir. Bu da öz növbəsində, hazırda İran və Venesuelada baş verən hadisələrin neftin qiymətinə ciddi təsir göstərmədiyini nümayiş etdirir. Ölkə başçısı ümidvar olduğunu bildirib ki, Cənubi Qafqazda və region ətrafında vəziyyət pisləşməyəcək. “Bizim istəyimiz, həqiqətən, bunu görməkdir. Ümid edirəm ki, hər bir ölkə regional sabitliyə və təhlükəsizliyə öz töhfəsini verəcəkdir”- deyə cənab Prezident deyib.

Təranə Zeynalova – BDU-nin professoru, Tarix elmləri doktoru 

 

Chosen
40
veteninfo.az

1Sources