Bu gün, yanvarın 21-də Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə həkim Sevinc Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, cinayət işinin materiallarına əsasən, hadisə ötən il mayın 6-da Yeni Klinikanın Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzinin Ginekologiya şöbəsində baş verib.
Şöbənin həkim-mama-ginekoloqu Sevinc Məmmədova pasiyent Günay Məmmədovanın üzərində cərrahiyyə əməliyyatı aparıb. İstintaq müəyyən edib ki, əməliyyat zamanı texniki qüsura yol verilib, sonradan yaranmış güclü qanaxmanın mənbəyinin aradan qaldırılması üçün zəruri cərrahi müdaxilə vaxtında həyata keçirilməyib.
Nəticədə Günay Məmmədovanın vəziyyəti ağırlaşıb və o, mayın 18-də Yeni Klinikada həyatını itirib.
Sevinc Məmmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma – ilə ittiham olunur. Bu maddə həkim səhlənkarlığı ilə bağlı ən ağır hüquqi qiymətlərdən birini nəzərdə tutur.
İstintaq mərhələsində Sevinc Məmmədova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib, ona ittiham elan olunub. Barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə əsas qətimkan tədbiri seçilib. Bundan əlavə, məhkəmənin qərarı ilə o, tutduğu vəzifədən kənarlaşdırılıb. Yeni Klinikada baş verən ölüm hadisəsi ölkədə səhiyyə sistemində məsuliyyət, nəzarət və həkimlərin hüquqi cavabdehliyi məsələlərini yenidən gündəmə gətirib. Xəstə yaxınları və ictimaiyyət məhkəmədən hadisəyə obyektiv hüquqi qiymət verilməsini gözləyir.