EN

Dezinformasiyanın yerli və qlobal miqyasda təhlükəsinə dair müzakirə keçirilib

Bakıda "Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi" mövzusunda ictimai müzakirə keçirilib.

QHT.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, tədbir Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) təşkilatçılığı, Medianın İnkişafı Agentliyi və Mətbuat Şurasının tərəfdaşlığı ilə baş tutub.

MQF İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib ki, dezinformasiya müasir dövrdə təkcə informasiya sahəsini deyil, ictimai sabitliyi, dövlət-vətəndaş münasibətlərini, demokratik institutları hədəfə alan sistemli təhlükəyə çevrilib:

"Bu mövzuda vətəndaş cəmiyyəti həmişəkindən daha həssas olmalı, saxta məlumatları vaxtında ifşa etməli, onun tirajlanmasının qarşısında səddə çevrilməlidir".

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli qeyd edib ki, bütün dünyada dezinformasiya təhdidləri artan templə irəliləyir, müasir dövrdə sosial media platformaları dezinformasiyanın əsas yayılma məkanına çevrilib:

"Dezinformasiyanın bütün təzahür formalarına qarşı mübarizədə Azərbaycan dövlətinin güclü siyasi iradəsi var. Amma bu prosesdə ictimai sayıqlıq, media savadlılığı, cəmiyyətin yüksək intellektual səviyyəsi də zəruridir".

Mətbuat Şurasının sədri Rəşad Məcid vurğulayıb ki, media subyektlərinin "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qayaları"na riayət etməsi vacibdir:

"Qaydaların bütün prinsiplərinə riayət cəmiyyətin dezinformasiya təmayüllərindən qorunması baxımından vacibdir. Bu yaxşı nümunə kimi sosial media fəallarına da təsir edə bilər".

İctimai müzakirə mövzu ilə bağlı müxtəlif sessiyalar ətrafında davam edib.

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Müşfiq Ələsgərli "Süni intellektlə yaradılmış saxta görüntülər, videolar və bot şəbəkələrinin ictimai rəyə təsiri" mövzusunda sessiyada bu texnologiyaların yan təsirlərinə, informasiya manipulyasiyası baxımından yaratdığı yeni risklərə diqqət çəkib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə isə "Vətəndaşların media savadlılığının artırılması və sosial media platformalarında dezinformasiyaya qarşı ictimai maarifləndirmədə QHT-lərin rolu" mövzusunda sessiyada QHT-lərin bu sahədə ictimai nəzarət mexanizmləri barədə mülahizələrini bölüşüblər.

MQF-in İdarə Heyətinin üzvü Zaur İbrahimli Sosial Təşəbbüslər Mərkəzi İctimai Birliyinin sədri Sənan Nəcəfov "Azərbaycana qarşı hibrid təhdidlər, informasiya savaşının geosiyasi aspektləri və qabaqlayıcı tədbirlər" mövzusunda sessiyada qlobal miqyasda hibrid təhdidlərin əhatə dairəsinin genişlənməsinə və yeni təzahür formalarına diqqət çəkiblər.

Türk dövlətlərinə üzv ölkələrin QHT Platformasının Baş katibi, deputat Azər Allahverənov "Dezinformasiyanın regional dinamikası: Qlobal Cənub və Türk Dünyası təcrübələri" mövzusunda sessiyada bildirib ki, Türk dünyası üçün informasiya məkanında koordinasiyalı fəaliyyət strateji əhəmiyyət daşıyır.

Qlobal Cənub QHT Platforması Katibliyinin nümayəndəsi Fuad Kərimli isə dezinformasiyanın Qlobal Cənub ölkələrindəki fəsadları barədə danışıb:

"Qlobal Cənub məkanında rəqəmsal savadlılığın yetərli olmaması, yerli dillərin süni intellekt sistemlərində tam əhatə olunmaması və texnoloji resurs çatışmazlığı dezinformasiyanın təsir gücünü artırır"

Chosen
32
5
qht.az

10Sources