EN

ABŞ-dən Azərbaycana strateji etimad -Deputat AÇIQLADI

Yanvarın 16-da ABŞ Prezidenti Donald Tramp Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edərək, Azərbaycan Respublikasını təşkilata Təsisçi Üzv Dövlət olmağa dəvət edib​.  
Bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi yayıb. Nazirlikdən bildirilib ki, Azərbaycan isə sözügedən dəvəti qəbul edib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan deputat Hikmət Babaoğlu bildirdi ki, ABŞ tərəfindən irəli sürülən Sülh Şurasına Azərbaycanın dəvət olunması ilk növbədə beynəlxalq münasibətlər sistemində ölkəmizin tutduğu mövqe və oynadığı rolla, eləcə də artan nüfuzu ilə bağlıdır:

"İkincisi, bu cür dəvəti zəruri edən əsas amillərdən biri Azərbaycanın öz gücünə arxalanaraq mürəkkəb, çətin bir regionda sülh yaratmaq bacarığına malik olması və bunun beynəlxalq səviyyədə təqdir edilməsidir. Diqqət yetirsək görərik ki, 20-ci əsrin sonu, 21-ci əsrin əvvəllərindən başlayan münaqişələrin əksəriyyəti bu günə qədər də tam şəkildə həllini tapmayıb. Beynəlxalq təşkilatlar, qurumlar isə sülhün əldə olunması prosesində ciddi və effektiv funksional fəaliyyət göstərə bilməyiblər. Yalnız Azərbaycan beynəlxalq hüquq və ədalət prinsiplərinə əsaslanaraq, məhz öz imkanları hesabına sülh yarada bilib. Bu fakt bir tərəfdən həsəd hissi doğurur, digər tərəfdən isə Azərbaycanın sülhyaratma təcrübəsinin öyrənilməsinə olan marağı artırır və bu zərurəti ön plana çıxarır".

Millət vəkilinin sözlərinə görə, məsələnin digər mühüm tərəfi Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında bu günədək müşahidə olunmayan yüksək səviyyəli münasibətlərin formalaşmasıdır.

"Bütün bunlar, heç şübhəsiz ki, Azərbaycanın yeni beynəlxalq münasibətlər sistemində yeni rolunu, artan nüfuzunu və gücünü müəyyənləşdirəcək. Bu isə Azərbaycan dövlətinin inkişaf perspektivləri və xalqımızın milli maraqları baxımından olduqca böyük əhəmiyyət daşıyır", - deyə o, qeyd etdi.

Xədicə BAXIŞLI

Chosen
95
1
redaktor.az

2Sources