EN

İsa Həbibbəylinin çətiri

Bəzən bir xırda detal böyük həqiqəti açır. Bu dəfə də elə oldu. Şəhidlər xiyabanında açılan bir çətir illərdir deyə bilmədiklərimizi dedi. Sakit, səs-küysüz, amma çox sərt şəkildə. O çətir yağışdan yox, tənqiddən qorunmaq üçün idi.

20 Yanvar günü Şəhidlər xiyabanı ziyarət ediləndə orada hamı bərabər olmalıdır. O torpaq rütbə tanımır, vəzifə tanımır. Orada yalnız şəhid var, bir də onların qarşısında baş əyən xalq. Amma AMEA prezidenti İsa Həbibbəylinin başı üzərində çətir tutuldu. Sanki o yağışdan deyil, xalqdan ayrıdır. Sanki o torpaq hamı üçündür, amma biri üçün bir az fərqli.

Hadisənin ardınca nə baş verdi? Çətiri tutan adam “günahkar” elan olundu. İşdən çıxarıldı, sonra da başqa vəzifəyə keçirildi. Yəni klassik Azərbaycan variantı: səhvi edən yox, görünən cəzalandırılır. Rəhbər toxunulmazdır, icraçı günahkardır. Bu yanaşma nə yeni­dir, nə də təsadüfi. Bu, illərdir ölkədə işləyən sistemdir.

Amma problem çətiri tutan adamda deyil. Problem o çətirin tutulmasına icazə verən düşüncədir. Problem özünü xalqdan yuxarıda görən vəzifə zehniyyətidir. Şəhidlər xiyabanında belə davranışa yol verən adam sabah elmdə də eyni yanaşmanı göstərir.

Bu gün açıq danışaq. AMEA-nın son illərdə cəmiyyətə verdiyi nədir? Hansı ciddi elmi nəticə? Hansı dünya səviyyəli araşdırma? Hansı gənc alim uğuru? Cavab yoxdur. Amma qalmaqal var, vəzifə davası var, çətir var.

Azərbaycan elmi susur, AMEA isə danışır – amma elmlə yox, belə səhnələrlə.

Ən acınacaqlısı odur ki, bu hadisə 20 Yanvar günündə baş verir. O gün bu xalq tankın qarşısında çətirsiz dayandı. Heç kim “islənərəm” demədi. İndi isə o günün xatirəsinə gedən akademikin başına çətir tutulur. Bu artıq hörmətsizlikdir. Təkcə şəhidlərə yox, cəmiyyətin ağlına da.

Bu çətir simvoldur. Elmin vəziyyətinin simvolu. Elmi tənqiddən qoruyurlar, amma gerilikdən yox. Hesabatdan qaçırlar, amma kreslodan yox.

Nə qədər adamı işdən çıxarsanız da, nə qədər məsuliyyəti aşağı ötürsəniz də, bu çətir yaddan çıxmayacaq. Çünki o çətir bir nəfərin başı üstündə yox, bütöv bir qurumun vəziyyəti üstündə açılmışdı.

Elmin çətirə yox, nəticəyə ehtiyacı var. Əgər AMEA-nın ən böyük “nailiyyəti” bu cür qalmaqallardırsa, onda problem yağışda deyil. Problem başımızın üstündə illərdir dəyişməyən damdadır.

Əli Səfərli,
NOCOMMENT.az

Chosen
161
nocomment.az

1Sources