EN

Türkiyədə zəlzələ olub

İstanbul, 21 yanvar, Günel Karatepe, AZƏRTAC

Türkiyənin Balıkəsir vilayətində 4,5 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri Balıkəsirin Sındırqı rayonudur.

Yerli vaxtla saat 18:11-də qeydə alınan zəlzələnin ocağı yerin 11,58 kilometr dərinliyindədir.

Yeraltı təkanlar Balıkəsirin mərkəzi hissəsi də daxil olmaqla, bölgədəki bir çox vilayətdə hiss edilib.

Xatırladaq ki, ötən il oktyabrın 27-də də yerli vaxtla saat 22:48-də Balıkəsir vilayətində 6,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar İstanbul daxil olmaqla bir çox bölgələrdə hiss edilib.

Qeyd edək ki, bu, son aylar ərzində eyni bölgədə yüksək maqnitudada qeydə alınan ikinci zəlzələdir. Belə ki, avqustun 10-da Balıkəsirin Sındırqı rayonunda yerli vaxtla saat 19:53-də 6,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsində iki nəfər həlak olub, 48 nəfər isə yaralanıb.

 

 

Chosen
145
1
azertag.az

2Sources