EN

“Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi” mövzusunda ictimai müzakirə keçirilib

 

Yanvarın 21-də Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin və Azərbaycan Mətbuat Şurasının tərəfdaşlığı ilə "Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi" mövzusunda ictimai müzakirə keçirilib.

AZƏRTAC xəbər verir ki, çıxış edən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bu günlərdə Davosda Dünya İqtisadi Forumunun "Qlobal Risklər Hesabatı"nı açıqladığını bildirib. Onun sözlərinə görə, hesabatda dezinformasiya, saxta məlumatlar Azərbaycan üçün 2026-cı ildə əsas risk kimi göstərilib. Dezinformasiya qlobal miqyasda da ciddi təhlükə kimi dəyərləndirilib: "Dezinformasiya müasir dövrdə təkcə informasiya sahəsini deyil, ictimai sabitliyi, dövlət-vətəndaş münasibətlərini, demokratik institutları hədəfə alan sistemli təhlükəyə çevrilib. Bu mövzuda vətəndaş cəmiyyəti həmişəkindən daha həssas olmalı, saxta məlumatları vaxtında ifşa etməli, onun tirajlanmasının qarşısında səddə çevrilməlidir. Dünya İqtisadi Forumunun dezinformasiyanı Azərbaycan üçün əsas risk kimi göstərməsi ciddi siqnaldır. Ona görə də Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu tərəfdaş qurumlarla birgə vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə bu ictimai müzakirəni təşkil etməyə qərar verdi".

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli qeyd edib ki, bütün dünyada dezinformasiya təhdidləri artan templə irəliləyir, müasir dövrdə sosial media platformaları dezinformasiyanın əsas yayılma məkanına çevrilib: "Dezinformasiyanın bütün təzahür formalarına qarşı mübarizədə Azərbaycan dövlətinin güclü siyasi iradəsi var. Amma bu prosesdə ictimai sayıqlıq, media savadlılığı, cəmiyyətin yüksək intellektual səviyyəsi ən güclü silahdır".

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid vurğulayıb ki, media subyektlərinin etik davranış qayalarına riayət etməsi vacibdir və bu yaxşı nümunə kimi sosial media fəallarına da təsir edə bilər: "Qaydaların birinci prinsipində bildirilir ki, jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır. Ümumən qaydaların bütün prinsiplərinə riayət cəmiyyətin dezinformasiya təmayüllərindən qorunması baxımından vacib istinadgahdır".

QHT-lərin iştirakı ilə keçirilən müzakirələr çərçivəsində bir sıra aktual mövzular ətrafında sessiyalar təşkil olunub. Sessiyalarda süni intellektlə yaradılmış saxta görüntülərin, videoların və bot şəbəkələrinin ictimai rəyə təsiri, vətəndaşların media savadlılığının artırılması və sosial media platformalarında dezinformasiyaya qarşı ictimai maarifləndirmə, Azərbaycana qarşı hibrid təhdidlər, informasiya savaşının geosiyasi aspektləri və preventiv tədbirlər, eləcə də dezinformasiyanın regional dinamikası - Qlobal Cənub və Türk Dünyası təcrübələri müzakirə olunub.

Bununla yanaşı, "Rəqəmsal sərhəd: dezinformasiya və süni intellektin gətirdiyi risklər, həll yolları və QHT-lərin fəaliyyət imkanları" mövzusunda da fikir mübadiləsi aparılıb. Sessiyalarda iştirakçılar öz təcrübələrini paylaşaraq mövzu ilə bağlı fikir və təkliflərini təqdim ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
33
5
olaylar.az

10Sources