EN

Avropa Birliyi ABŞ ilə ticarət müqaviləsini dayandırır

Reyting.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Avropa Parlamenti ABŞ prezidenti Donald Trampın Qrenlandiyanın ABŞ-a verilməsi ilə bağlı tələbi və Avropa Birliyinə (AB) qarşı tarif təhdidlərindən sonra AB ilə ABŞ arasında ticarət müqaviləsinin təsdiqi üzrə işi dayandırmaq qərarı verib.

Reyting.az “Reuters” agentliyinə istinadla bildirir ki, Avropa Parlamentinin Ticarət Komitəsi müqavilə ilə bağlı mövqeyini 26-27 yanvar tarixlərində müəyyənləşdirməli idi. Lakin son qərar qeyri-müəyyən müddətə təxirə salınıb.

Komitə sədri Bernd Lange çərşənbə günü keçirilən mətbuat konfransında bildirib ki, Donald Trampın yeni tarif təhdidləri “Turnberry müqaviləsini faktiki olaraq pozur və bu səbəbdən sənəd növbəti xəbərdarlığa qədər dayandırılır”.

Məqalədə qeyd olunur ki, Trampın mübahisəli açıqlamalarından əvvəl də bir çox avropalı qanunverici ticarət sazişinin balanssız olmasından narazılıq edirdilər. Sənəd Avropa İttifaqından (Aİ) ABŞ mallarına tətbiq olunan idxal tariflərinin əksəriyyətinin azaldılmasını tələb etdiyi halda, Aİ üzvü ölkələrin malları ABŞ bazarına 15 faiz rüsumla daxil olurdu.

“Reuters” hesab edir ki, sazişin dondurulması Donald Trampın narazılığına səbəb ola və bu da ABŞ tərəfindən Avropa mallarına daha yüksək tariflərin tətbiqi ilə nəticələnə bilər. Jurnalistlər yazırlar ki, Tramp administrasiyası saziş bağlanmazdan əvvəl spirtli içkilər və ya polad məhsullarına rüsumların azaldılması kimi hər hansı güzəşti də istisna edib.

Xatırladaq ki, yanvarın 17-də ABŞ prezidenti Donald Tramp Qrenlandiya məsələsi ilə bağlı Avropa ölkələrinə ultimatum verib. O bildirib ki, Vaşinqton ABŞ-nın Qrenlandiyanı nəzarətə götürməsinə qarşı çıxan Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Birləşmiş Krallıq, Hollandiya və Finlandiyadan idxala əlavə tariflər tətbiq edib.

E. KAMAL

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
reyting.az

1Sources