EN

Suriyada atəşkəs...

Razılaşmalara əməl olunacaqmı?

Son günlər Suriya ordusu Türkiyə hərbçilərinin dəstəyi ilə bir sıra əraziləri YPG/SDQ terrorçularından təmizləyib. Hələb şəhərində hökumət qüvvələri üstünlüyü ələ alıb. Suriyanın Deyr əz-Zor vilayətinin bir hissəsi də YPG-dən azad olunub. “TRT Haber”in məlumatına görə, Fərat çayının şərqindəki Deyr əz-Zor vilayətində üsyan edən qəbilələr və Fəratın qərbindən bölgəyə gələn qüvvələr “Əl-Ömər” neft və “Konoko” təbii qaz yataqlarının yerləşdiyi bölgəni YPG terrorçularından xilas ediblər. ABŞ əvvəllər baza kimi istifadə etdiyi bu yataqlardan geri çəkiləndən sonra bölgənin təhlükəsizliyi risk altında idi. Lakin Suriya ordusunun əməliyyatı fonunda yerli qəbilələrin də hərəkətə keçməsi ilə Deyr əz-Zorda 10-a yaxın qəsəbə və kənd azad olunub.

Atəşkəs sazişində nələr var?

Bir neçə günlük toqquşmalardan sonra Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa YPG/SDQ terror təşkilatının yerləşdiyi bütün cəbhələrdə atəşkəsi nəzərdə tutan yeni razılaşmanı təsdiqləyib. Yeni razılaşmalara uyğun olaraq, YPG/SDQ terror təşkilatının bütün bölmələri Fərat çayının şərq sahilinə köçürüləcək. Sənəd həmçinin hökumət ordusunun bazar günü geri qaytardığı Deyr-əz-Zor əyalətindəki neft və qaz yataqlarının nəzarətinin Suriya hakimiyyətinə keçdiyini təsdiqləyir. İlkin addım kimi Fərat çayının şərqindəki ərazidən bütün SDQ hərbi birləşmələri geri çəkilir, Deyr-əz-Zor və Rakka əyalətləri üzərində nəzarət həm inzibati, həm də hərbi cəhətdən dərhal və tam şəkildə Suriya hökumətinə təhvil verilir.

Hökumət də öz növbəsində SDQ heyətini və döyüşçülərini, eləcə də bu əyalətlərdəki mülki administrasiya nümayəndələrini təqib etməməyi öhdəsinə götürüb. Həsəkə əyalətindəki bütün vətəndaş institutları Suriya dövlətinin strukturlarına və onun inzibati sisteminə inteqrasiya olunacaq. Suriya hökuməti bütün sərhəd-keçid məntəqələrinin, eləcə də regionun neft və qaz yataqlarının tam nəzarətini öz üzərinə götürüb. Onların təhlükəsizliyi təbii sərvətlərin dövlətə qaytarılmasını təmin etmək üçün nizami silahlı qüvvələr tərəfindən təmin ediləcək. Bütün SDQ hərbçiləri və təhlükəsizlik işçiləri tələb olunan təhlükəsizlik yoxlamalarından keçdikdən sonra fərdi olaraq Suriya Müdafiə və Daxili İşlər Nazirliklərinin strukturlarına inteqrasiya olunacaqlar. Onlara müəyyən edilmiş qaydada müvafiq hərbi rütbələr, maddi və lojistik dəstək veriləcək, eyni zamanda kürd xalqının yaşadığı bölgələrin spesifik xüsusiyyətlərinin və kimliyinin qorunması təmin ediləcək.

SDQ rəhbərliyi əvvəlki rejimin qalıqlarını öz sıralarına qəbul etməməyi və Suriyanın şimal-şərqində yerləşən bu birləşmələrin zabitlərinin siyahılarını təhvil verməyi öhdəsinə götürüb. Bundan başqa, siyasi iştirak və yerli təmsilçiliyin təminatı olaraq, Haseke əyalətinin qubernatoru vəzifəsinə namizədin təyin edilməsi barədə prezident fərman verəcək. Eyni zamanda, Ayn-əl-Ərəb (Kobani) şəhəri ağır hərbi qüvvələrdən azad ediləcək. Orada yerli sakinlərdən ibarət daxili təhlükəsizlik qüvvələri yaradılacaq, Suriya Daxili İşlər Nazirliyinə inzibati tabe olan yerli polis qüvvələri isə saxlanılacaq.

Türkiyə Suriya hakimiyyətinə dəstəyini bəyan edib

Türkiyə Xarici İşlər Nazirliyi isə  Suriyada əldə edilən atəşkəslə bağlı sazişi alqışlayıb: “Ümid edirik ki, Suriyanın gələcəyi terrorizm və bölünmədə deyil, birlik və inteqrasiyadadır. Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa tərəfindən 18 yanvarda elan edilən atəşkəs və tam inteqrasiya sazişinin Suriyanın ərazi bütövlüyü və birliyi əsasında ölkədə sabitlik və təhlükəsizliyin bərqərar olması səylərini sürətlə və effektiv şəkildə irəli aparmasını arzulayırıq. Hesab edirik ki, razılaşma Suriya xalqının, eləcə də bütün regionun, xüsusən də Suriyanın qonşularının təhlükəsizliyinə və sülhünə töhfə verəcək”.

Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə telefon danışığı aparıb. Liderlər iki ölkə arasındakı münasibətləri və Suriyadakı son hadisələri müzakirə ediblər.

Aytən Qurbanova: Terrorla mübarizə Türkiyənin milli təhlükəsizlik məsələsidir

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq Aytən Qurbanova Suriyadakı proseslərdə Türkiyənin önəmli rolunu vurğulayıb. A.Qurbanova bildirib ki, Türkiyə tərəfindən Suriyada əldə edilən atəşkəslə bağlı verilən bəyanatlar rəsmi Ankaranın Suriyaya münasibətdə strateji yanaşmasının dəyişmədiyini, həmçinin daha sistemli və konseptual mərhələyə keçdiyini göstərir. Belə ki, rəsmi bəyanatlarda ifadə eilən əsas mövqe Suriyanın ərazi bütövlüyü, siyasi birliyi və terrorizmdən tam təmizlənməsi üzərində qurulub. Onun fikrincə, bu yanaşma Türkiyənin Suriya məsələsini yalnız təhlükəsizlik problemi kimi deyil, eləcə də regional sabitliyin əsas dayaqlarından biri kimi dəyərləndirdiyini göstərən mühüm məqamdır: “Digər tərəfdən isə keçid dövrü prezidenti Əhməd Şara tərəfindən elan edilən atəşkəs və inteqrasiya sazişinə rəsmi Ankaranın verdiyi dəstək Türkiyənin Suriyada mərkəzi hakimiyyətin güclənməsini və paralel silahlı strukturların ləğvini prioritet hesab etdiyini aydın şəkildə ifadə etmiş olur”.

Politoloq qeyd edib ki, terror təhlükəsinin aradan qaldırılması həm Türkiyənin milli təhlükəsizliyi, həm də regionun uzunmüddətli sabitliyi üçün əsas şərtdir: “Nəticə etibarilə, Türkiyənin mövqeyi Suriyada yeni mərhələnin yalnız atəşkəslə deyil, real inteqrasiya, mərkəzi idarəetmə və terrorla mübarizə üzərində qurulmasına əsaslanır. Rəsmi Suriyanın gələcəyinin parçalanmada deyil, vahid və sabit dövlət modelində olduğunu açıq şəkildə bəyan edir”.

İlyas Hüseynov: Regionda Tükiyənin mövqeləri güclənir

“Yaxın Şərqdə proseslər inkişaf edir və geosiyasi maraqlar, bölgə üzərində təsir imkanlarını artırmaq naminə silahlanma, eləcə eskalasiya genişlənməkdədir. Xüsusilə, İranda baş verən proseslər digər bölgələrə də sirayət edir. PKK-nın Suriya uzantısı olan YPG-ə şiddətli zərbələrin edilməsi buna nümunədir. Hazırkı Suriya ordusu Bəşər Əsəd rejimini devirəndə də çox böyük peşəkarlıq nümayiş etdirdi və qısa müddət ərzində hərbi hədəflərə nail oldu. Lakin maraqlıdır ki, bölgədə “parçala və hökm sür” siyasətini həyata keçirən xarici qüvvələr Suriyadakı əməliyatlara göz yumurlar”. Bu fikirləri isə politoloq İlyas Hüseynov deyib. O bildirib ki, aparıcı dövlətlər bölgədə təhlükəsizliyin təmin olunması üçün Suriya hökumətinin qərarlarını dəstəkləyirlər. Politoloqun fikrincə, Türkiyənin dövlətçiliyinə, milli təhlükəsizliyinə kənardan “meydan oxuyan” qüvvələr zərərsizləşdirilir: “Bu da qardaş ölkənin siyasi və hərbi qələbəsi hesab oluna bilər. Düşünürəm ki, YPG/SDQ terrorçularının təhlükə mənbəyi kimi sıradan çıxarılması Türkiyə üçün daha geniş imkanlar yaradır və ayrı-ayrı güc mərkəzlərinin hazırkı dövrdə müdaxilə imkanlarının qarşısını alır. Bu tarixi fürsətdən Suriya ordusu Türkiyənin dəstəyi ilə faydalanır”.

N.BAYRAMLI

Chosen
21
8
yeniazerbaycan.com

10Sources